28/12/2018
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2018-ci ildə Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi və prioritet istiqamətlər proqramına uyğun olaraq, 7 problem çərçivəsində 18 mövzu və 105 iş üzrə (76-sı riyaziyyat, 29-u isə mexanika olmaqla) tədqiqatlar aparılmışdır. İnstitutda elmi-tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 7 elmi istiqaməti (6-sı riyaziyyat, 1-i mexanika olmaqla) əhatə edir.
Hesabat ilində dörd elmi iş mühüm nəticə kimi qəbul edilmişdir:
1. Mövzu: “Dəyişən dərəcəli kvazibanax Lebeq fəzalarında Kolmoqorov tipli kompaktlıq meyarları və kəsr maksimal operatorun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar”
İcraçılar: AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev, AMEA-nın professoru, r.e.d. Rövşən Bəndəliyev.
İşdə, dəyişən dərəcəli kvazibanax Lebeq fəzalarında Kolmoqorov tipli kompaktlıq meyarları alınmış, kəsr maksimal operatorun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər isbat edilmişdir.
2. Mövzu: “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazislik xassələri”
İcraçı: AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov.
İşdə xətti fazaya malik eksponent sisteminin Morri tip fəzalarda bazislik xassələrinin öyrənilməsi üçün sərhəd məsələsi metodu işlənilib və meyarlar alınıb.
3. Mövzu: “Diskret idarəetmə məsələlərində Pontryaqinin maksimum prinsipinin yeni analoqu və ikinci tərtib zəruri şərtlər”
İcraçılar: AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov, f-r.e.d., prof. Telman Məlikov.
İşdə diskret sistemlə təsvir olunan optimal idarəetmə məsələsi üçün yeni anlayışlar daxil etmək və məsələnin verilənləri üzərinə daha az şərtlər qoymaqla “Pontryaqinin maksimum prinsipinin yeni analoqu” və ikinci tərtib daha konstruktiv zəruri şərtlər alınmışdır.
4. Mövzu: “Diskret Hilbert çevirməsinin və Berlinq çevirməsinin xassələri”
İcraçı: r.e.d. Rəşid Əliyev.
İşdə Lebeq inteqralının ümumiləşməsi olan A-inteqral anlayışından istifadə edilərək mütləq inteqrallanan funksiyaların Berlinq çevirməsinin xassələri tədqiq edilmiş, onların A-inteqrallanan olması isbat olunmuş və Riss bərabərliyinin analoqu alınmışdır.
İl ərzində institutun “Maye və qaz mexanikası” şöbəsinin əməkdaşları AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasov Çin Xalq Respublikasında CNOOC neft şirkətinin Bohai Bay dəniz yatağında laya yeni qeyri tarazlı qaz-maye sistemi ilə təsir edən innovasion texnologiyanı mədən şəraitində tətbiq etmişlər. Dəniz şəraitində C12ST01 saylı vurucu quyuda texnoloji əməliyyat müvəffəqiyyətlə həyata keçirilmiş və sıxışdırmada effektivliyin artırılması texnologiyası realizə olunmuşdur. Texnologiyanın tətbiqi nəticəsində təsir olunan ətrafdakı istismar quyularında neftin debitin artırılması müşahidə olunmuşdur.
Hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 369 elmi əsəri – 3-ü xaricdə olmaqla 4 kitab, 152-si xaricdə olmaqla 207 məqalə, 58-i xaricdə olmaqla 150 tezisi çap olunmuşdur. Azərbaycanda 1 kitab, 2 dərslik, 1 dərs vəsaiti, 3 test toplusu və 2 metodik göstəriş işıq üzü görmüşdür. Qeyd edək ki, məqalələrdən 76-sı “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında, 34-ü isə SCOPUS-un bazasına daxil olan jurnallarda çap edilmişdir. İnstitut əməkdaşlarının məqaləsinə hesabat ilində1400 isnad olunmuşdur.
Hesabat ilində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı həftədə bir dəfə olmaqla öz fəaliyyətini davam etdirmişdir. Seminarda, həmçinin SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı Laureatı, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Zinnuroviç Saqdeyevin “KAM (Kolmoqorov, Arnold, Moser) teoreminin 50 ili” mövzusunda məruzəsi dinlənilib.
İl ərzində elmi kadrların hazırlanması istiqaməti üzrə RMİ-də D 01.111 dissertasiya şurasında 6-sı elmlər doktoru və 14-ü fəlsəfə doktoru olmaqla 20 nəfər müdafiə etmişdir.
Hesabat ilində Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsilin İnteqrasiyası” qrant müsabiqəsi üzrə 9 layihənin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə 2 layihənin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2 proqramının qalibi olmuşlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.