Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqləri“ mövzusunda seminar keçiriləcək


10 yanvar 2019-cu il tarixində saat 10: 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqləri “ mövzusunda məruzə edəcək.

Məruzədə riyazi biologiyanın əsas model diferensial və inteqral tənlikləri və onların tətbiqləri haqqında danışılacaq. Seminarda riyazi biologiyada baxılan bioloji proseslərin qeyri-lokal xarakteri (yaddaşa malik olması) haqqında məlumat veriləcək.

Riyazi biologiyada bitki köklərinin nəmliyi udmasında süzülmə prosesini təsvir edən model diferensial tənliklərdən biri olan Aller tənliyi və torpaqda rütubətkeçirmə prosesini təsvir edən ümumiləşmiş Aller tənliyi, bu tənliyin eyni zamanda ümumi şəkildə ikinci tərtib xətti hiperbolik tənliklərin kanonik şəkli ilə, rabitədə istifadə olunan teleqraf tənliyi ilə, rəqsi prosesləri təsvir edən simin rəqs tənliyi ilə əlaqəsindən bəhs ediləcək. Radiodalğaların öyrənilməsi zamanı vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tənliyi haqqında, tətbiqi əhəmiyyətə malik riyazi biologiyanın əsas model diferensial tənliklərindən biri olan hidrodinamikada istifadə olunan ümumiləşmiş Manjeron tənliyi və bu tənliyin uzununa dalğaları təsvir edən Bussinesk-Lyav tənliyi ilə əlaqəsindən danışılacaq. Daha sonra Bussinesk-Lyav tənliyinin mayelər üçün stasionar süzülmə proseslərini təsvir edən Laplas tənliyi ilə riyazi əlaqəsi əsaslandırılacaq. Laplas tənliyinin birinci tərtib elliptik diferensial tənlik olan Koşi-Riman tənliyi ilə riyazi əlaqəsi və Koşi-Riman tənlyinin isə kəsr tərtibli diferensial tənliklərlə əlaqələri göstəriləcək.

Daha sonra ağırlıq qüvvəsinin təsiri altında maddi nöqtənin hərəkətini təsvir edən kəsr tərtibli model inteqral tənliklərdən biri olan Abel inteqral tənliyindən (“Tautoxron haqqında məsələ”-dən) danışılacaqdır. Ağırlıq qüvvəsinin canlı aləmin mövcudluğu üçün müstəsna əhəmiyyəti haqqında, insan, bitki və heyvan – biologiyada bütün canlı aləmin suya ehtiyacı, suyun qeyri-lokal xarakteri, informasiya daşıyıcısı kimi yaddaşa malik olması haqqında məlumat veriləcəkdir. Təbiətdə suyun dövranın əslində informasiya mübadiləsi olması faktları açıqlanacaqdır.

Riyazi biologiyada və təbabətdə volter inteqral tənliklərinin əhəmiyyəti, bioloji proseslərin yaddaşa başqa sözlə desək, qeyri-lokal xaraktera malik olmasını təsvir etməsi haqqında, bioloji proseslərin eriditarlığı-keşmişindən asılılıği haqqında söhbət aparılacaqdır.Volter inteqral tənliyinin əslində mənfi törəməli diferensial tənlik kimi Riman-Liuvill mənada kəsr tərtibli tənliyin xüsusi halı olması barədə danışılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər