Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fənn olimpiadalarının yarımfinal turu keçirilib


Martın 31-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində bir mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə təşkil olunub.

Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, yarımfinal turunda rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində beynəlxalq fənn olimpiadalarının hər hansı birində iştirak etmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadalara cəlb edilib. Belə ki, 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıb.

Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1432, riyaziyyat fənni üzrə 1715, informatika fənni üzrə 225, fizika fənni üzrə 217, kimya fənni üzrə 222, biologiya fənni üzrə 765, tarix fənni üzrə 398, coğrafiya fənni üzrə 1113 şagird iştirak edib.

Şagirdlərə bu mərhələdə hər fənn üzrə və hər yaş qrupu üzrə 30 müxtəlif tapşırıq təqdim edilib. Keçirilən olimpiadanın nəticələrinə əsasən respublika fənn olimpiadalarının final mərhələsi təşkil ediləcək. Qaydalara əsasən aşağı yaş qrupu şagirdləri arasından 24 nəfər, yuxarı yaş qrupu şagirdləri arasından isə 48 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq.

Qeyd olunub ki, informatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadanın yarımfinal turu ADA Universitetində keçirilib. Bu olimpiadada iştirak edəcək şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunub. Müsabiqə və qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

Mənbə: www.azertag.az

Faydalı linklər