16/05/2019
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfovun və riyaziyyat üzrə fəlsəfə doktoru Rəna Kərbəlayevanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Georgian Mathematical Journal” 0.482 impakt faktorlu jurnalda dərc edilib.
“Çoxdəstə dəyişənli Besov-Morri fəzalarında daxilolma teoremləri” adlı məqalədə çoxdəstə dəyişənli Besov-Morri tipli fəzalardan olan funksiyaların həm diferensial, həm də diferensial-fərq xassələri öyrənilir. Həmçinin, bu fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törəmələrinin Hölder sinfinə daxil olması isbat olunmuşdur.
Məqalədə daxil edilən çoxdəstə dəyişənli Besov-Morri tipli fəzalardan parametrlərdən asılı olaraq xüsusi hallarda məlum Besov-Morri fəzaları, aralıq qiymətlərdə isə yeni Besov-Morri tipli fəzalar alınır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.