04/09/2019
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” ensiklopedik soraq kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 496 səhifədən ibarətdir. Kitabda 12 akademik, 14 AMEA-nın müxbir üzvü, 177 elmlər doktoru, professor haqqında məlumat verilmişdir.
Kitabın elmi redaktoru Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıdır.
Oxuculara təqdim olunan “Azərbaycan riyaziyyatçıları” kitabında qədim dövrdən indiyədək Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olmuş alimlər haqqında biblioqrafik məlumat verilir. Kitabda dünya elm xəzinəsinə misilsiz töhfələr vermiş, orta əsrlərin böyük ensiklopedik azərbaycanlı alimi Nəsirəddin Tusi, ondan əvvəlki elmi mühitin formalaşma mərhələləri, tədqiq edilən mühüm məsələləri təsvir edən tarixi faktlar, Tusidən əvvəl yaşamış sələfləri və ondan sonrakı bəzi xələfləri haqqında, XX-XXI əsrlərdə ölkəmizdə riyaziyyatın əsasını qoymuş və onun inkişafında mühüm xidmətləri olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, müxbir üzvləri, riyaziyyat üzrə elmlər doktoru və professor elmi adına layiq görülmüş alimlərimiz haqqında ensiklopedik məlumatlar xronoloji ardıcıllıqla şərh olunur.
Kitab riyaziyyatın tarixi ilə məşğul olan alimlər, riyaziyyat müəllimləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.