26/09/2019
Müasir dövrdə informasiya məkanının mühüm hissəsini elmi-texniki informasiya, nüfuzlu elmi jurnallarda çap olunmuş məqalələr haqqında məlumatlar təşkil edir. Əsrimizin informasiya əsri olduğu bir zamanda, hər bir tədqiqatçının elmi nəticələrinin qlobal miqyasda tanınması və akademik ictimaiyyət tərəfindən qəbul olunması dövrümüzün əsas tələblərindən birinə çevrilmişdir. Elmi tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının formalarından biri də onların müxtəlif ixtisaslaşmış nüfuzlu jurnallarda çap olunmasıdır. Məqalənin nüfuzlu jurnallarda nəşri – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir. Qeyd edək ki, respublikamızda tədqiqatla məşğul olan mütəxəssislərin elmi məqalələrinin dünyanın aparıcı nəşrlərində çap olunmasının günümüzün aktual problemlərindən birinə çevrilməsi bu sahədəki boşluqların mövcud olması ilə bağlıdır.
Aydındır ki, hazırda dünyada minlərlə jurnal nəşr olunur və nüfuzlu alimlər onların hamısını deyil, yalnız tanınmış elmi bazalarda nəşr olunanlarını izləyirlər. Belə bazalar sırasına ilk növbədə ildə on mindən çox jurnalı izləyən və qiymətləndirən Web of Science və otuz minə yaxın jurnalı izləyən və qiymətləndirən Scopus kimi beynəlxalq elmmetrik verilənlər bazaları daxildir. Adı çəkilən elmmetrik bazalara daxil olan jurnallarda elmi məqalə çap etdirmək məqalə müəllifləri ilə yanaşı onların çalışdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu bir başa müəyyən edən və son nəticədə, ölkənin inkişaf səviyyəsini göstərən əsas amillərdəndir.
Bir sıra hallarda təqdim olunan məqalələrin yüksək indeksli nəşrlərdə qəbul edilməməsi mütəxəssislərimizin öz dəyərli nəticələrinin yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmamazlıqlarından irəli gəlir. Bu problemləri nəzərə alaraq, təqdim olunan məqalədə nüfuzlu elmi jurnallarda elmi nəticələrin dərci və bununla bağlı olan problemlər, əlyazmanın çapa hazırlanması, elmi məqalənin çap üçün təqdimolunma prosesi və tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar öz əksini tapmışdır. Həmçinin, elmi nəşrlər üçün müəyyən tələblərin mövcudluğu, keyfiyyətli tədqiqat işinin müasir standartlara və bu tələblərə uyğun formada, lakonik və dolğun şəkildə yazılması və tərtib olunması oxucuların diqqət mərkəzinə təqdim olunur.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://journal.edu.az/1143-how-to-write-a-scientific-article-for-prestigious-academic-journals.html
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.