Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın İşlər idarəsinin yeni müdiri kollektivə təqdim edilib


AMEA prezidentinin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri təyin olunmuş texnika elmləri doktoru, professor Elton Məmmədov yanvarın 17-də AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada çoxşaxəli islahatlara start verilib. Ötən ilin sonunda akademiyanın Ümumi yığıncağının keçirilməsi, elmin mövcud vəziyyətinin obyektiv olaraq qiymətləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, intellektual əmək resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində kompleks tədbirlər bu islahatların bariz nümunəsidir. O, bildirib ki, bu tədbirlərin mühüm istiqamətlərindən birini elmin maddi-texniki bazasının gücləndirilməsi, elmi fəaliyyət sahəsində çalışan əməkdaşların sosial təminatının yaxşılaşdırılması kimi məsələlər təşkil edir ki, bu vəzifələrin də icrası bilavasitə AMEA İşlər idarəsinin fəaliyyət dairəsinə aiddir. Professor Elton Məmmədovun zəngin həyat və iş təcrübəsinə, elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətə malik olduğunu bildirən Əminağa Sadıqov onun yeni şəraitdə İşlər idarəsinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib, ona yeni işində uğurlar arzulayıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fail Kazımov, İşlər idarəsinin müdir müavini Məhəmməd Əliyarov, Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev çıxış edərək E.Məmmədovu təbrik edib, yeni işində müvəffəqiyyətlər arzulayıblar.

Sonra İşlər idarəsinin müdiri Elton Məmmədov çıxış edərək ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirib, bu inamı doğrultmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

© Mənbə: www.science.az

Faydalı linklər