Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

24 yanvar dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur


Bu gün – yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin dekabr ayında sülh və inkişafın təminində təhsilin vacibliyini qeyd etmək üçün bu günün təsis olunduğunu elan edib. Beynəlxalq Təhsil Gününün qeyd edilməsi ilə bağlı qətnamə 59 üzv dövlət tərəfindən qəbul olunub. Beləliklə, hamı üçün inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmin olunmasında dəyişdirici səyləri dəstəkləmək üçün sarsılmaz siyasi iradə nümayiş etdirilib.

Təbii ki, bütün sivilizasiya mərhələlərində təhsilin rolu önəmli olub. Müasir  dövrün çağırışları onun əhəmiyyətini daha da artıraraq bu sahə ilə bağlı olaraq  bütün həlli  vacib olan problemləri cəmiyyətin prioritetinə çevirib. Hazırda təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yüksəldilməsinə birbaşa təsir edir. Yaşadığımız informasiya cəmiyyətində insanlar  məhs təhsilin vasitəsilə texnologiyaları çevik şəkildə mənimsiyir, əmək bazarında layiqli yer tutur və ömür boyu təhsil prosesinə qoşulmaq , sağlam həyat tərzi ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar. Bİr sözlə bu gün təhsil dayanıqlı inkişaf məqsədlərinin mərkəzində dayanaraq biliklər iqtisadiyyatının əsas inkişaf amillərindən hesab olunur.

Bu səbəbdən insan kapitalının böyük sosial- iqtisadi əhəmiyyət kəsb etdiyi Azərbaycanda da təhsilə dövlət qayğısı ildən-ilə artır. Hazırda ölkəmizin təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir, mövcud problemlərin həlli istiqamətində əməli tədbirlər görülür.  Ən əsası təhsilimizin milli, umümbəşəri dəyərlər, demokratik, dünyavi prinsiplər  əsasında inkişafına geniş imkanlar yaradılıb.

Üç ilə yaxındır ki, dünyada tüğyan edən pandemiya 190 –dan çox ölkədə məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin bağlanması, savadlılıq və ömür boyu təhsil proqramlarının təmin edilməsindəki fasilələr  1.6 mlrd təhsil alanın həyatına təsir göstərib. COVİD19 pandemiyası Azərbaycan təhsil sisteminə də təsirsiz ötüşməyib. Pandemiya şəraitində təhsilin davamlılığının qorunması məqsədilə  mühüm addımlar atılıb.

2020-ci ildə həftənin beş günü Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslər keçirilib. 2020-ci ilin aprelin 2-dən  teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarının genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tərəfindən virtual məktəb layihəsinə start verilmişdir.

Aparılan islahatlar və geniş miqyaslı infrastruktur layihələri sayəsində, ölkəmizdə dövrün tələblərində cavab verən təhsil sisteminin bərqərar olunmasına nail olunmuşdur.

İtalyan ədəbi dilinin banisi tanınmış  şair Dante  Alegyerinin  təbirincə desək “Təhsil çörək və sudan sonra xalqın əsas zəruri ehtiyacıdır” .

Bu ehtiyacın təmin edilməsi istiqamətində ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq, hər bir gəncə hər tərəfli bilik və bacarıqların verilməsi, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyə bacaran, aydın dünya görüşlü kamil  vətəndaşlar yetişdirmək dövlət siyasətinin başlıca şərtidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər