Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinin anım tədbiri keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda  Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar institutun  Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin  təşkilatçığı ilə  faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru akademiyanın müxbir üzvü,  professor  Misir Mərdanov ölkə rəhbərliyi tərəfindən itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunun göstəricisidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və torpaqlarımızın azad edilməsi fonunda Xocalı qurbanlarının qisası alınıb. Alim faciədən 30 il ötməsinə baxmayaraq, bu gün də xalqımızın yaddaşında sağalmayan yara olduğunu vurğulayıb.

Tədbirdə “Cəsur döyüşçü” eləcə də Cəbrayıl, Xocavənd, Füzuli rayonlarının azad olunmağına görə medallarla təltif olunmuş mayor Murad Şirinov və Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmiş Rüstəm Əhmədli və Azərbaycan ordusunun 2016-cı il aprel zəfərinin iştirakçısı Əliyev Elvin iştirak ediblər. Öz çıxışlarında vurğuladılar ki, dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan əsgərinin qüdrəti həm istifadəsində olan müasir silahlarla, həm əsgərlərin bu silahların istismar xüsusiyyətlərini yüksək səviyyədə mənimsəməsidir. Xüsusilə, döyüşlərdə yüksək fədakarlıq göstərən ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edərək, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırdı. Azərbaycan əsgərinin düşmənə tuşlanan silahlarından biri də Vətən sevgisidi və bu sevginin qüdrəti ən müasir silahdan da əzəmətlidir. Biz hər zaman torpağımız, dövlətimiz üçün şam kimi yanmağa hazırıq.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər