Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda seminar keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanovun “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları” mövzusunda məruzəsi dinlənilib.

M.Mərdanov seminar iştirakçıları qarşısında “Nüfuzlu elmi jurnallara məqalə hazırlamağın yolları” mövzusunda çıxış edib. Məruzəçi məqaləni necə hazırlamaq, jurnalı necə seçmək və çap olunacaq jurnallara məqalələri təqdim etmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, məqalənin nüfuzlu jurnallarda nəşri tədqiqatçının elmi fəaliyyət dairəsinin genişlənməsinə, onun statusunun yüksəlməsinə, beynəlxalq qrant layihələrində iştirakına təkan verir, həmçinin ölkənin və çalışdığı müəssisənin elmi nüfuzunun yüksəlməsinə gətirib çıxarır.

Keyfiyyətli məqalələrin meyarları barədə danışan M.Mərdanov bildirib ki, orijinallıq – ixtisas sahəsində, metod  və nəticələrdə yenilik, mövcud biliklərə uyğunluq, onun genişləndirilməsidir. İstinadlar yeni və münasib olmalı, fikirlər əsaslı və məntiqlə izah edilməlıdır.

Həmçinin professor M.Mərdanov elmi nəticələrin orijinal və məntiqi mülahizələrlə zəngin, eləcə də annotasiyanın dolğun olmasının, açar sözlərin peşəkarlıqla seçilməsinin, resenziyaya diqqət yetirilməsinin, xüsusilə səlis ingilis dilində yazılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq standartlara uyğun elmi jurnal nəşr edərkən müasir jurnallara qoyulmuş tələbləri nəzərə almaq vacibdir.

O, tədqiqat işinin “Elsevier”, “Nature”, “Springer” kimi nüfuzlu nəşriyyatlarda çıxan yüksək impakt faktorlu jurnallarda dərc edilməsinin məqalənin daha geniş ictimaiyyətə çatması baxımından önəmli olduğunu deyib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər