Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün Azərbaycanın görkəmli riyaziyyatçısı, akademik Mirabbas Qasımovun anadan olduğu gündür


Mirabbas Göycə oğlu Qasımov 1939-cu ilin yay axşamı Şamaxının Nərimankənd kəndində (indiki Qobustan şəhərində) anadan olub. Şamaxıda orta təhsilini başa vuran Mirabbas Qasımov, 1956-cı ildə Bakıya gəlir və BDU-nun fizika-riyaziyyat fakültəsinə daxil olur. Əlaçı olduğu üçün onu 1958-ci ildə MDU-nun mexanika-riyaziyyat fakültəsinə köçürürlər. 1961-ci ildə həmin fakültəni əla qiymətlərlə başa vuran Mirabbas Qasımov, MDU-nun aspiranturasına daxil olur. Görkəmli alim B.M.Levitanın xüsusi məhəbbətlə yanaşdığı Azərbaycanlı balasını, yalnız bir istək düşündürürdü. Təkcə SSRİ-də deyil, dünyada tanınmaq, Vətənə alnıaçıq-üzüağ qayıtmaq, öyrəndiklərini, öyrətmək…

1964-cü ildə namizədlik dissertasiyası müdafiə edən gənc alimin işi MDU-nun Elmi Şurasının xüsusi qərarına görə, “görkəmli iş” hesab edilir və “Monrealda (Kanada) keçirilən ümumdünya sərgisində nümayiş etdirilir. M.Qasımov əmək fəaliyyətinə ilk dəfə 1964-cü ildə Moskva Fizika-Texnika İnstitutunda assistent kimi başlayır. Bir il sonra onu F.Dzerjinski adına Hərbi Mühəndislər Akademiyasına dəvət edirlər və orada baş müəllim işləyən M.Qasımov, 1968-ci ilə kimi burada çalışır. O, pedaqoji fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirir. 1967-ci ildə M.Qasımov MDU-nun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə edir. Şura bu dissertasiyanın Moskva Riyaziyyatçılar Cəmiyyətinin məcmuəsində çap olunmasını tövsiyə edir. Hətta bir il sonra bu elmi iş ABŞ-da ingilis dilinə tərcümə edilərək çap olunur. O, 1968-ci ildə tanınmış bir alim kimi vətənə qayıdır və BDU-da fəaliyyətə başlayır. Elə həmin ilin sentyabrında BDU-nun professoru adına layiq görülən gənc alim, 1969-cu ildə universitetin mexanika-riyaziyyat fakültəsinə dekan təyin edilir və 1970-ci ilə qədər bu vəzifədə çalışır.

1972-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin göstərişi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinin bazasında tətbiqi riyaziyyat kafedrası yaradılır və ilk gündən kafedraya (2008-ci ilə kimi) Mirabbas müəllim rəhbərlik edir. Bilgisini səbir və təmkinlə tələbələrinə, aspirantlarına öyrədən Mirabbas müəllimin rəhbərliyi ilə 80-dən artıq namizədlik və doktorluq dissertasiyaları müdafiə edilib. Həmçinin BDU-da müasir, yeni tətbiqi riyaziyyat və kibernetika fakültəsinin yaranması və təşəkkülü də Mirabbas müəllimin adı ilə bağlıdır. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1990-cı ildə isə həqiqi üzvü seçilir.

İstedadlı alim tərəfindən Dirak sistemi üçün tərs məsələlərin tamamlanmış nəzəriyyəsi yaradılmış, periodik əmsallı geniş sinif adi diferensial operatorların spektral təhlili verilmiş, kəsilən əmsallı Şturm-Liuvill tənliyi üçün səpilmə verilənlərinə görə tərs məsələ isə bütün oxda tamamilə həll edilmişdir. O, ilk dəfə olaraq çoxölçülü, öz-özünə qoşma olmayan Şredinger operatoru üçün səpilmə nəzəriyyəsi məsələsinin həllinə görə ayrılış problemini həll etmiş və M.V.Keldiş operator dəstələrinin məxsusi və qoşma elementlərinin bir hissəsinin çoxqat tamlığını göstərmişdi.

1991-ci ildə M.V.Keldaş adına medala layiq görülən alim, 1990-91-ci illərdə Türkiyənin Konja-Səlcuq və İzmir -Egey Universitetlərinin fəxri doktoru seçilmişdir. Dünya miqyasında tanınmış alim Mirabbas Qasımov, BDU-ya rektor seçilməmişdən əvvəl – 1989-cu ildə Azərbaycan Respublikasının təhsil nazirinin I müavini təyin edilib.

M.Qasımov Azərbaycan müasir riyaziyyat məktəbinin banisi hesab olunur. O, çoxlu sayda riyaziyyatçının elmi işinə rəhbərlik etmiş və yüksək səviyyəli elmi kadrların yetişdirilməsinə böyük diqqət yetirmişdir. Mirabbas Qasımovun keçirdiyi “Funksional analiz və onun əlavələri” və “Diferensial operatorların spektral nəzəriyyəsi” seminarları hər zaman Bakının riyaziyyat həyatında əlamətdar hadisə sayılmışdırlar. M.Qasımov Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsinin təşkili və inkişafında böyük elmi-təşkilati işlər aparmışdır.

M.G.Qasımov SSRİ-nin müxtəlif şəhərlərində 60-dan çox doktorluq və namizədlik disertasiyasının opponenti olmuşdur.

O, üç Beynəlxalq Riyaziyyatçılar Konqresinin (Moskva-1966, Fransa-1970, Kanada-1974) iştirakçısı  olmuşdur. Varşava şəhərində S.Banax adına Beynəlxalq Riyaziyyat Mərkəzində mühazirələr silsiləsi ilə çıxış etmişdir.

M.G.Qasımov təxminən 100 elmi iş nəşr etmiş və onların böyük hissəsi keçmiş SSRİ-nin nüfuzlu mərkəzi jurnallarında (“ДАН СССР”, “Успехи математических наук”, “Математический сборник”, “Известия АН СССР”, “Труды Московского Математического общества”, “Функциональный анализ и его приложения”, “Математические заметки”, “Дифференциальные уравнения”, “Сибирский математический журнал”, “ДАН АзССР”, “Известия АН АзССР”, Ümumittifaq konfransların və məktəblərin işləri və s.) çap olunmuşdur. M.G.Qasımovun elmi nəticələri dəfələrlə SSRİ EA-nın Riyaziyyat bölməsinin və SSRİ EA-nın akademik-katibinin hesabatlarında dəfələrlə ən vacibli işlər arasında qeyd olunmuşdur.

Onun məqalələri ən çox istinadlanmış riyazi işlərdən hesab olmuşdur. O, bir sıra dəyərli elmi işləri rus dilinə tərcümə etmiş və N.Danford və C.Şvarsın 3 cildli məşhur “Xətti operatorlar” kitablarının tərcüməçilərindən biri olmuş, habelə bir çox populyar riyazi məqalələri nəşr etmişdir.

Mirabbas Göycə oğlu Qasımov 6 sentyabr 2008-ci ildə Bakı şəhərində vəfat etmiş və öz vəsiyyətinə əsasən doğulduğu Nərimankənd kəndində dəfn edilmişdir.

ru.wikibrief.org

Faydalı linklər