Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Yusif Əmən oğlu Əmənzadənin 110 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun kollektivi görkəmli şəxsiyyət, böyük alim-pedaqoq, akademik Yusif Əmənzadənin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Öncə tədbir iştirakçıları alimin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Elmi sessiyada ETN Riyaziyyat və Mexanika institutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxış edərək görkəmli alimin ömür salnaməsindən, zəngin yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən söz açıb. Professor Misir Mərdanov akademik Yusif Əmənzadənin, Azərbaycan mexanika elminin inkişafında və riyaziyyatçı alimlər nəslinin yetişməsində əhəmiyyətli rolundan danışıb.

Tədbirdə Bakı Dövlət Universitetinin “Nəzəri mexanika və bütöv mühit mexanikası” kafedrasının müdiri, professor Yusif Sevdimalıyev alimin həyatı və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir.

Qeyd edilib ki, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Y.Ə. Əmənzadə elmlər namizədi və elmlər doktoru dərəcələrini almışdır.
1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968-ci ildə Y.Ə. Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1972-ci ildə SSRİ-nin “Mexanika” üzrə Milli komitəsinin üzvü olmuşdur. Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbaycan EA-nın müxbir üzvü Yusif Əmənzadə qoymuşdur. Əmənzadənin elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir.

AMEA-nın müxbir üzvü Yusif Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs”, “Elastiklik nəzəriyyəsinin hamarlılıq məsələsi” dərsliklərinin müəllifi və həmçinin “SSRİ-də elastik­lik nəzəriyyəsinin əlaqə məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur. O, 150-dan çox elmi məqalə çap etdirmişdir. Alim 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.

Sessiyada çıxış edən professorlar Əli Əhmədov, Məhəmməd Mehtiyev, Nadir Suleymanov, Lətif Talıblı, Qabil Əliyev alim haqqında elmi nailiyyətlərindən bəhs etmiş, onun ölkəmizdən kənarda da nüfuzlu riyaziyyatçı alim kimi yaxşı tanındığını bildirmiş, xatirələrini söyləmişlər.

Sonda alimin doğmaları yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər