Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Yusif Məmmədovu 75 illik yubiley münasibətilə təbrik edirik!


Yanvarın 24-də riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədovun 75 yaşı tamam olur.

Yusif Əbülfət oğlu Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.

Alim 1971-1993-cü illərdə BDU-nun Riyazi-fizika tənlikləri kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2000-2006-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olub. 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyib. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri olub. Hazırda Riyaziyyat və Mexanika İnstitutunun “Differensial tənliklər”şöbəsinin mediridir.

O, 1974-cü ildə “Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru, 1990-cı ildə “Ümumi şəkilli adi diferensial  tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlər üçün çıxıqlar üsulunun əsaslandırılması” mövzusunda riyaziyyat üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1991-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Y.Məmmədov riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. O, adi diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq, normallıq şərtlərini tapıb, məxsusi ədədlərin paylanması, məxsusi elementlər üzrə çoxqat ayrılış düsturunu verib. Alim ilk dəfə olaraq cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin mümkünlüyünü göstərib, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarını verib. Bundan başqa, birölçülü qarışıq məsələlərin korrektliyi üçün cəbri meyar tapıb, müstəvidə sonlu limit nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalpern tipli tənliklər üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırıb. Kompleks sıxlıq funksiyalı Şturm-Liuvill operatorunun məxsusi ədədlərinin asimptotik göstərişi ilk dəfə onun tərəfindən tapılıb. Özlü elastik mühitdə dalğanın yayılması prosesinin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırıb, Şredinger tipinə cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat edib və həll üçün analitik ifadə tapıb.

Professor Yusif Məmmədovun fəaliyyət istiqamətlərindən birini də milli riyaziyyatçı kadrların hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur.

Akademik Yusif Məmmədovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə ona Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adı verilib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü (akademiki) seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildə “Şöhrət” ordeninə, 2019-cu ildə isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Çox hörmətli Yusif müəllim! Sizi bu şanlı yubileyiniz münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun kollektivi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, riyaziyyat elminin və təhsilinin inkişafı yolunda göstəridiyniz səmərəli və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.