Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Əminağa Sadıqovu Sumqayıt Dövlət Universitetinin kollektivinə təqdim edib


Fevralın 12-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Əminağa Sadıqovu Sumqayıt Dövlət Universitetinin kollektivinə təqdim edib.

Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqova həvalə olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb.

2013-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə “Kompüter elmləri” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb. 2024-cü ildən etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində işləyir.

eatda.edu.az