Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Hidayət Hüseynovun  əziz xatirəsinə -Başsağlığı


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru,Bakı Dövlət Universitetin professoru, Hidayət Hüseynov  26.02.2025-ci il tarixində haqq dünyasına qovuşub.

Hüseynov Hidayət Məhəmməd oğlu, diferensial operatorların spektral nəzəriyyəsi və onun tətbiqləri sahəsində tanınmış mütəxəssis, 1951-ci il yanvarın 20-də Gürcüstan Respublikası Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş, 1968-ci ildə kənd orta məktəbini bitirmiş, 1968-1973-cü illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsində, 1973-1976-cı illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunda aspiranturada təhsil almışdır.

1978-ci ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “Dirak tənliklər sistemi üçün səpilmə nəzəriyyəsinin tərs məsələsi (01.01.01)” mövzusunda namizədlik, 1998-ci ildə Bakı Dövlət Universitetində “Diferensial tənliklər üçün Yost həllərinin göstərişləri və tərs məsələlər (01.01.01)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə AEA Riyaziyyat və Mexanika İnstitutunda başlamış, 1990-cı ilə qədər aspirant, kiçik və baş elmi işçi vəzifələrində işləmişdir. 1990-cı ildə ADU-nun “Tətbiqi riyaziyyat” fakültəsinə dosent vəzifəsinə seçilmiş, 2000-ci ildən həmin kafedranın professoru vəzifəsində, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

Hidayət Hüseynov 100-dən artıq elmi işin müəllifidir və onun rəhbərliyi ilə 12 nəfər namizədlik, 4 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir.

İnstitutun baş direktoru AMEA-nın vüxbir üzvü, professor Misir Mərdanov və institutun kollektivi adından vəfatından kədərləndiyimizi bildirir və onun əzizlərinə dərin hüznlə başsağlığı veririk. Böyük alim, gözəl və mehriban insan Hidayət Hüseynovun  əziz xatirəsi onu tanyanların qəlbində əbədi qalacaqdır!

Allah rəhmət eləsin

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.