Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyata həsr olunmuş alim ömrü


Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı,  funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim,  İbrahimov İbrahim İbiş oğlu, 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. Atası  1917-ci ildə vəfat etmiş, 30 yaşında dul qalmış Mənsumə xanımın və əmisi Yusif kişinin himayəsində böyümüşdür. O, ilk təhsilini 1921-ci ildə 9 yaşında kəndlərindən bir kilometr məsafədə yerləşən Pirəhmədli kəndində molla Yusifin məktəbində almışdır. Bir neçə aydan sonra kəndlərində açılan beşsinifli ibtidai məktəbdə təhsilini davam etdirir. 1925-ci ildə həmin məktəbi bitirdikdən sonra 1926-cı ildə Füzuli şəhərində yeni açılmış Kəndli Gənclər Məktəbinə daxil olmuş və 1928-ci ilin mayına qədər orada təhsilini davam etdirmişdir. Bu məktəbdə ona riyaziyyatdan Mehdi Mehdizadə dərs demişdi.

1928-ci ilin sentyabr ayından təhsilini Gəncə Kənd Təsərrüfatı Texnikumunda  davam etdirir. 1931-ci ildə onu Gəncə Pedaqoji Texnikumunun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna köçürürlər. Hazırlıq kursunu uğurla bitirən İbrahim 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. 1934-cü ilin oktyabrında gənc İbrahim  hərbi qulluğa çağırılır. O,1935-ci ilin mayına qədər, ali təhsilini Pedaqoji İnstitutda davam etdirməklə, hərbi xidmətdə olur. Həmin ilin mayında onu hərbi xidmətdən azad edirlər.

Pedaqoji İnstitutda təhsil alarkən ona Riyazi analiz fənnini Bəhram Yusifzadə və Məmməd bəy Əfəndiyev, Analitik həndəsəni Eynulhəyat xanım Yusifzadə (Həsən bəy Zərdabinin qızı, Yusuf bəy Nəsibbəylinin həyat yoldaşı), Fizikanı Rəhim bəy Məlikov, Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsindən Əşrəf Hüseynov dərs demişlər. İbrahim İbrahimov 1935-ci ildə institutu əla qiymətlərlə bitirir və Maarif nazirliyinin bölgüsünə əsasən Zəngilan rayonunda orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin olunur. Məktəbdə bir neçə ay işlədikdən sonra dostlarının köməyi ilə Bakı şəhərinin Montin qəsəbəsindəki (indiki Nərimanov rayonu) Neftayırma texnikumuna riyaziyyat müəllimi  təyin olunur. 1936-cı ilin əvvəllərində Azərbaycan Dövlət Universitetinin aspiranturasına qəbul olunmaq üçün universitetin professorları Aleksandr Sergeyeviç Kovanko, Aleksandr Adolfoviç Buxştab və Yaroslav Borisoviç Lopatinskinin rəhbərlik etdikləri  hazırlıq kursunda təhsilini davam etdirir. O dövrdə universitet təhsili olmayanlar aspiranturaya qəbul olunmaq üçün hazırlıq kursundan keçməli idilər.

1936-cı ilin noyabr ayında aspiranturaya hazırlıq kursunu uğurla başa vuran İbrahim İbrahimov Funksiyalar nəzəriyyəsi ixtisası üzrə universitetin aspiranturasına qəbul olunur. Universitetdə Ali cəbr, Ədədlər nəzəriyyəsi və Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən mühazirələr oxuyan  A.A.Buxştab onun elmi rəhbəri təyin edilir. Aspiranturada oxuyarkən rus dilində biliyini artırmaq məqsədi ilə gənc İbrahim  Konstantin Aleksandroviç Posse və İvan İvanoviç Privalovun “Diferensial və inteqral hesabı” adlı iki cilddən ibarət kitabını  Azərbaycan dilinə tərcümə etməyə başlayır. Həmin dövrdə Fizika-riyaziyyat fakültəsində tədris edilən fənlər üzrə  Azərbaycan dilində heç bir dərslik və dərs vəsaiti yox idi. Azərbaycan bölməsində işləyən müəllimlərin işi çox çətin idi. Bir neçə ay ərzində  birinci cildin tərcüməsini  başa çatdırıb çap etdirir. O, 1935-1936-cı illərdə eyni zamanda Mühəndislərin ixtisasartırma institutunda müəllim və Azərbaycan Dövlət Universitetində assistent vəzifəsində çalışmışdır.

İbrahim İbrahimov 1937-ci ilin dekabr ayında aspiranturada təhsilini davam etdirmək üçün  Moskvaya yola düşür. Onu Steklov adına Riyaziyyat İnstitutun direktoru akademik Andrey Nikolayeviç Kolmoqorov qəbul edir, sənədlərini yoxlayır və iki gündən sonraya imtahan təyin edir. İmtahanı müvəffəqiyyətlə vermiş İbrahim İbrahimova dövrün nüfuzlu riyaziyyatçılarından biri olan Aleksandr Osipoviç Gelfond  elmi rəhbər olmağa razılıq verir.

Elmi rəhbəri ilə həftədə bir dəfə görüşən, bundan əlavə onun mühazirələrinə qulaq asaraq və rəhbərlik etdiyi seminarlarda fəal iştirak edən İbrahim İbrahimov 1939-ci ilin aprel ayının  sonunda, il yarım ərzində namizədlik dissertasiyanı hazırlayıb rəhbərinə təqdim edir. 1939-cu il may ayının 20-də  A.O. Gelfondun rəhbərliyi ilə Moskva Dövlət Universitetində “Bəzi analitik funksiyalar sisteminin tamlığı haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun rəsmi opponentləri  dövrün tanınmış alimləri İ.İ.Privalov və Mixail Alekseyeviç Lavrentyev idi. Beləliklə, İbrahim İbrahimov 1939-cu ilin mayın 20-də fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alan ilk azərbaycanlı olur.

Müdafiədən sonra Bakıya qayıdıb, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda və Ağır Sənaye Nazirliyinin Promakademiyasında Ali cəbrdən, Kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən, Riyazi fizika tənliklərindən mühazirələr oxumağa başlayır. 1939-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsində çalışır. 1940-cı ildə K. Rosse və İ. İ. Privalovun “İnteqral hesabı” adlı ikinci kitabının tərcüməsini bitirib çap etdirir.

1944-cü ildə İbrahim İbrahimov doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə Moskvaya ezam olunur. O, xatirələrində yazır: “Moskvaya gələn kimi A.O.Gelfondla görüşdüm və bildirdim ki, Moskvaya doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə iki il müddətinə gəlmişəm. Ona ötən müddət ərzində elmi fəaliyyətim, aldığım nəticələr və s. haqqında ətraflı məlumat verdim. O, mənə diqqətlə qulaq asdıqdan sonra dedi: akademik Sergey Natanoviç Bernşteyn yaxın günlərdə Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində seminar aparacaqdır. O, özünə istedadlı, ümidverici tələbələr axtarır, çalış onun seminarında iştirak et. Bundan əlavə yaxşı olar ki, mənim M.V.Keldış və A.İ.Markuşeviçlə birgə apardığım seminarda da iştirak edəsən. Tələsmə, yeni elmi nəticə alan kimi mənə zəng vur, mən edəcəyin məruzənin mətni ilə tanış olduqdan və razılıq verdikdən sonra  seminarda məruzə edərsən”.

İbrahim müəllim bir il ərzində aldığı elmi nəticələr haqqında 1945-ci ildə S.N. Bernşteynin rəhbərlik etdiyi seminarda 7 dəfə məruzə edir. Bu məruzələrdən biri Bernşteynin onun qarşısında qoyduğu “Həqiqi məxsusi nöqtəsi olan bir funksiyanın polinomlar vasitəsi ilə ən yaxşı yaxınlaşmasının tapılması” haqqında idi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu seminarda dövrün tanınmış alimləri A.O.Gelfond, V.L.Qonçarov, N.İ.Axiezer, S.M.Nikolski, S.B.Steçkin, N.K.Bari, D.E.Menşov və başqaları iştirak edirdilər.

1945-ci ilin yazında Bernşteynin seminarında fasilə yaranan zaman İbrahim müəllim Keldışla onun evində görüşür və analitik funksiyaların tamlığı haqqında yazdığı yeni elmi əsərini ona təqdim edir. Keldış əsərə diqqətlə baxandan sonra ona aşağıdakı iki məsələyə də baxmağı təklif edir:

  1. Alınan nəticələri həmin məsələ haqqında Gelfondun və Markuşeviçin nəticələri ilə müqayisə etmək.
  2. Alınmış nəticəni yaxşılaşdırmağın mümkün olmadığını göstərən misal qurmaq.

Keldış məsləhət görür ki, yalnız bu məsələləri həll edəndən sonra əsəri çapa hazırlamaq olar. Keldışın tapşırıqlarını yerinə yetirdikdən və aldığı nəticələri onunla bir daha müzakirə etdikdən sonra məqaləni  Keldışın rəyi ilə dövrün ən nüfuzlu jurnallarından biri olan ДАН СССР jurnalında çap etdirir.

Moskvada olduğu altı ay müddətində Keldışın və Bernşteynin təqdimatları ilə Известия АН СССР  jurnalına 3 elmi əsər, ДАН СССР jurnalına isə 2 elmi əsər təqdim etdir.

1945-ci ilin yay aylarında elmi seminarlar fəaliyyətini dayandıran zaman o, həqiqi oblastda Bernşteynin qoyduğu məsələ üzərində, kompleks oblastda isə Keldışın təklif etdiyi məsələlər üzərində çalışır. Sentyabr ayında Bernşteynlə görüşür və hər iki istiqamətdə aldığı nəticələri ona göstərir. Bernşteyn işlərlə tanış olub bir neçə sual qoyub təklif irəli sürür. İbrahim müəllim xatirələrində qeyd edir ki, Bernşteynin  sual və təkliflərini nəzərə almağımın bu işləri çapa hazırlamağımda böyük rolu oldu.

İbrahim İbrahimov 1945-ci ilin oktyabrında Karlemanın ümumiləşmiş probleminə aid ilk nəticələrini Keldışa təqdim edir. O, məsləhət görür ki, bu nəticələr haqqında seminarda məruzə etsən yaxşı olar. Seminarda məruzədən sonra Keldışla görüşür, onun verdiyi məsləhətləri nəzərə alır və tezliklə “Karlemanın ümumiləşmiş məsələsi” adlanan problemi həll edir.

1945-ci ilin noyabrında “Məxsusi nöqtəsi olan funksiyanın polinomial yaxınlaşması” adlı əsərini Gelfonda təqdim edir. O, əlyazma ilə tanış olduqdan sonra deyir: Иurada alınmış nəticələr “Bernşteyn hipotezi” adlanan problemin həllinə çox yaxındır. Bu nəticələri Bernşteynin seminarında danış, eyni zamanda məxsusi nöqtə yaxınlaşma parçası üzərində olanda məsələnin həlli haqqında fikirləş”. O, aldığı nəticələri seminarda danışır,  məruzə Bernşteynin xoşuna gəlir və o, məsləhət görür ki, bu istiqamətdə işlərini davam etdirsin. İbrahim müəllim bir neçə ay bu problem üzərində işlədikdən sonra aldığı nəticəni 1946-ci ilin fevralında Bernşteynin seminarında danışır və sübut edir ki, “Bernşteyn hipotezi” doğrudur.

1945-ci ilin sonunda İbrahim müəllim Keldışla birlikdə tədqiqatlarını davam etdirir, yuxarıda qeyd olunmuş və analitik funksiyalar sisteminin tamlığı haqqında aldığı nəticələri yaxşılaşdırmağın mümkün olmadığını isbat edir və həmin elmi əsəri Keldışla birlikdə dövrün ən nüfuzlu jurnallarından biri olan “Matematiçeskiy sbornik” jurnalında çap etdirir.

İbrahim İbrahimov  1946-cı il yanvarın ikinci yarısında Keldış, Gelfond və Markuşeviçin apardıqları “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi” adlı seminarda çap olunmamış nəticələri haqqında məruzə edir.

  1. 1946-cı ilin martında “Abel-Qonçarov” interpolyasiya sırasının yığılması haqqında” tədqiqatını başa çatdırıb onu Keldışın rəyi ilə “Matematiçeskiy sbornik” jurnalında çap etdirir.

İbrahim İbrahimov 1946-cı ilin mayında “Laqranjın triqonometrik interpolyasiya prosesi” haqqındakı elmi nəticələrini seminarda məruzə edir. Məruzədən sonra Keldış Gelfonda deyir ki, mən belə hesab edirəm ki, onun doktorluq dissertasiyası müdafiə etməsinin vaxtı çatıb. Gelfond da bu fikri dəstəkləyir.

Beləliklə, İbrahim İbrahimova təklif olunur ki, kompleks dəyişənli funksiyalar haqqındakı elmi nəticələrini birləşdirib sistemə salaraq, Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin elmi şurasına doktorluq dissertasiyası kimi təqdim etsin.

O, Moskvaya gələndən il yarım sonra doktorluq dissertasiyasını hazırlayıb müdafiə şurasına təqdim edir.

Həmin vaxtlar, regionlarda doktorluq dissertasiyasının müəyyən hissəsini işləmiş alimləri ikiilliyə doktoranturaya qəbul edib mərkəzə göndərirdilər. İbrahim müəllim xatirələrində yazır: “Mənim il yarıma doktorluq işimi başa çatdırmağım Moskvada sensasiyaya səbəb olmuşdu. Bəzi adamlar təəcüb etdiklərini gizlədə bilmirdilər. Mən isə özümə təskinlik verirdim, düşünürdüm ki. meyvəli ağaca daş atan çox olar”.

1946-cı il iyun ayının 14-də MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında İbrahim İbrahimov doktorluq dissertasiyasını müdafiə edir. Müdafiədə 60 nəfər üzvdən 40 nəfər iştirak edirdi. Yetərsay təmin olunub. Müdafiə çox sakit keçib, heç kim əleyhinə çıxış etməyib. Rəsmi opponentlər  Keldış, Gelfond və Qonçarov dissertasiya haqqında müsbət fikirlərini bildiriblər. Lakin nədənsə müdafiədən sonra Hesablayıcı komissiya bildirib ki, səsvermədə 31 nəfər iştirak edib və deməli yetərsay olmayıb. Nəticədə Elmi Şura qərara alır ki, yetərsay olmadığından müdafiə baş tutmamış hesab edilsin və 1946-cı ilin payızına keçirilsin. Beləliklə, müdafiəsi hələlik təxirə salınır və İbrahim müəllim Bakıya qayıtmalı olur.

Bu barədə İbrahim müəllim öz xatirələrində yazır: “1944-cü ilin dekabr ayından 1946-cı ilin iyun ayına kimi, Moskvada yaşadığım il yarım ərzində SSRİ-nin ən nüfuzlu jurnallarında yeni elmi nəticələrlə zəngin 12 iri həcmli elmi məqalə çap etdirdim, Keldış, Bernşteyn, Gelfond, Qonçarov və Nikolski kimi nüfuzlu alimlərin elmi nəticələrim haqqında müsbət fikir söyləmələrinə baxmayaraq heç bir əsaslı səbəb göstərmədən doktorluq dissertasiyasını müdafiə etməyə imkan vermədilər”.

Şübhəsiz, bu hadisə ona çox pis təsir edir və altı ay fikrini toplayıb heç bir iş görə bilmir. O, ADU-nun nəzdindəki Fizika-riyaziyyat institutunda baş elmi işçi vəzifəsində çalışmağa başlayır. Eyni zamanda həm universitetdə, həmdə APİ-də dərs deyir. 1946-1947-ci illərdə “Həqiqi dəyişənli funksiyaların ən yaxşı polinomial yaxınlaşması haqqında” yeni dörd elmi məqalə hazırlayıb çap etdirir. 1947-ci ilin may ayında APİ-yə Riyazi analiz kafedrasına müdir vəzifəsinə seçilir və 1958-ci ilə qədər həmin vəzifədə çalışır.

İbrahim müəllim 1947-ci ilin yayında bir neçə günlüyə Moskvaya gedib aldığı yeni elmi nəticələri Bernşteyn, Keldış və Gelfonda təqdim edir. Onlar məsləhət bilirlər ki, həqiqi oblastda yeni dissertasiya hazırlayıb SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasına təqdim etmək lazımdır. O zaman həmin institutun direktoru akademik İ.M.Vinoqradov, M.V,Keldış və İ.G. Petrovski onun müavinləri idilər.

İbrahim İbrahimov 1947-ci ilin dekabrında doktorluq dissertasiyası müdafiə etmək məqsədi ilə Moskvaya gəlir. Dissertasiyanı və avtoreferatı hazırlayıb Steklov adına Riyaziyyat İnstitutunun müdafiə şurasına təqdim edir. Şura opponent olaraq Bernşteyni, Nikolskini və Markuşeviçi təsdiq edir. Müdafiə yanvarın 12-nə təyin olunur. Müdafiə şurasının sədri akademik Vinoqradov idi. Mudafiə zamanı opponentlərdən əlavə Keldış və Gelfond da çıxış edirlər. Beləliklə, İbrahim İbrahimov 1947-ci il fevralın 12-də Moskvada SSRİ Elmlər Akademiyasının V.A. Steklov adına Riyaziyyat İnstitutunda “Funksiyaların interpolyasiya və approksimasiya nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

Moskvadan qayıdan kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rəhbərlik etdiyi kafedrada müəllimlər və aspirantlar üçün elmi-tədqiqat seminarı təşkil edir. Bu seminarda ADU-nun, APİ-nin və Qiyabi pedaqoji institutun Riyazi analiz  və Funksiyalar nəzəriyyəsi kafedralarının müəllimləri və aspirantları (doktorantları) iştirak edirdilər. Həftədə bir dəfə keçirilən seminarın 40-dan çox iştirakçısı var idi.

İbrahimov 1947-ci ilin mayından ADU-da III kursda Ədədlər nəzəriyyəsi, IV kursda isə Həqiqi dəyişənli funksiyaların polinomial approksimasiyası” fənnlərindən xüsusi kurslar aparmağa başlayır. 1948-ci ildə Gəncəyə gedərək orada Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutda Riyazi analizdən mühazirələr oxuyur.

İbrahim İbrahimov 1952-ci ilin yanvarında Moskvada akademik M.A.Lavrentyevin anadan olmasının 50 illiyinə həsr olunmuş beynəlxalq konfransda “Kompleks dəyişənli funksiyaların sonsuz oblastlarda tam funksiyalar vasitəsi ilə yaxınlaşdırılması”, 1955-ci ildə SSRİ riyaziyyatçılarının Moskva Dövlət Universitetində keçirilən III qurultayında “Sonlu dərəcəli tam funksiyalar” mövzularında məruzələr etmişdir.

O, 1958-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda işləməyə başlayır. 1958-ci ilin yayında Bolqarıstanın paytaxtı Sofiya şəhərinə dəvət olunur və orada bir ay ərzində mühazirələr oxuyur.

1959-cu ilin iyun ayında Leninqradda (indiki Sankt-Peterburq) akademik V.I. Smirnovun sədrliyi ilə keçirilən Ümumittifaq konfransının təşkilat komitəsinə daxil olunur və iki məruzə ilə çıxış edir.

1958-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1959-cu ilin oktyabr ayında həmin institutun bazasında iki institut: Fizika, Riyaziyyat və Mexanika institutları yaradılır. İbrahim İbrahimov 1959-cu ildə Riyaziyyat və Mexanika İnstitutuna direktor vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilə kimi işləmişdir. Həmin ilin sonunda öz ərizəsi ilə institutun direktoru vəzifəsindən azad olunmuş,  1963-cü ildən ömrünün sonuna 1994-cü ilə kimi  institutun Funksiyalar nəzəriyyəsi şöbəsinə rəhbərlik etmişdir.

İbrahim İbrahimov 1959-cu ilin dekabrında 47 yaşında Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1960-cı ilin iyun ayında Leninqrad Universitetində keçirilən Riyaziyyatçıların IV Ümumittifaq qurultayında “Sonlu dərəcəli tam funksiyalar sinfində bəzi bərabərsizliklər”, 1962-ci ilin avqustunda Stokholmda keçirilən riyaziyyatçıların beynəlxalq qurultayında “Sonlu dərəcəli tam funksiyaların Lebeq mənada ümumiləşmiş normaları arasında bərabərsizliklər”, 1962-ci il oktyabrın 8-dən – 14-dək Bakıda funksiyaların konstruktiv nəzəriyyəsi üzrə ikinci Ümumittifaq konfransında “Sonlu dərəcəli tam funksiyalar sinfində xətti operatorlar üçün bəzi ekstremal məsələlər” mövzusunda məruzələrlə  çıxış etmişdir.

1965-ci ildə Ukraynanın Çernovtsı Universitetinin dəvəti ilə oraya gedib riyaziyyat fakültəsinin IV və V kurs tələbələrinə “Approksimasiya nəzəriyyəsi”, “Kompleks dəyişənli funksiyaların interpolyasiya nəzəriyyəsi” və “Analitik funksiyalar nəzəriyyəsinə dair bəzi məsələlər” mözularında mühazirələr oxuyur.

1965-ci ildə İbrahim İbrahimovun “Sonlu dərəcəli tam funksiyaların ekstremal xassələri”, “Ən yaxşı kvadratur və kubatur düsturlar” və “Kompleks dəyişənli funksiyaların tam funksiyalar vasitəsi ilə yaxınlaşdırılması haqqında” apardığı elmi tədqiqatlar onun nüfuzlu mərkəzi elmi jurnallarda çap olunmuş beş əsərində öz əksini tapmışdır.

1966-cı ilin avqustunda Moskvada keçirilən Beynəlxalq Riyaziyyatçılar konqresində “Analitik funksiyaların yarımmüstəvidə ekstremal xassələri” mövzusunda məruzə edir, həmin konqresdə bölmələrin birinə sədrlik edir. Bu konqresdə Bakıdan 20 nəfər riyaziyyatçı alim iştirak edirdi.

1968-ci ilin yanvarında İbrahim İbrahimov 56 yaşında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir.

1969-cu ildə Budapeştdə keçirilən beynəlxalq konfransa dəvət olunur və orada “Bernşteyinin funksiyaların konstruktiv nəzəriyyəsi sahəsindəki yaradıcılığı” mövzusunda bir saatlıq məruzə ilə çıxış edir.

1970-ci ilin avqust ayında Fransanın Nitsa şəhərində keçirilən Beynəlxalq konqresdə “Bəzi analitik funksiyalar sisteminin tamlığı” mövzusunda məruzə edir. Həmin konqresdə Azərbaycandan Əşrəf Hüseynov və Mirabbas Qasımov da iştirak etmişlər.

1971-ci ildə Moskvanın Nauka nəşriyyatında “Funksiyaların interpolyasiyası metodları və onların bəzi tətbiqləri” adlı monoqrafiyası çap olunur.

1971-ci ilin əvvəlində Xarkov şəhərində keçirilən Ümumittifaq konfransında “İnterpolyasiya metodları ilə tam funksiyaların yeganəlik probleminin tədqiqi” mövzusunda məruzə etmişdir.

1972-ci ildə İbrahim İbrahimov 60 yaşının tamam olması münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur, dövrün ən nüfuzlu jurnallarından biri olan Усрехи Математических Наук jurnalında onun haqqında Nikolski, Markuşeviç, Kudryavtsev və Yevqrafovun imzası ilə məqalə çap olunmuşdur.

Burada, akademik Azad Mirzəcanzadənin onun haqqında yazdıqlarını xatırlamaq yerinə düşərdi. O yazır: Onun böyüklüyünü təssəvvür etmək üçün “Keldış-İbrahimov” teoremi və akademik Bernşteynin, İbrahim İbrahimovun  yaxınlaşma nəzəriyyəsinə verdiyi tövhələr haqqında  Усрехи Математических Наук jurnalında çap olunmuş  məqaləsini qeyd etmək kifayətdir.

1972-ci ilin iyun ayında Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq konqresdə “Analitik funksiyalar sisteminin tamlığının tədqiq edilməsinin bir metodu haqqında” mövzusunda məruzə etmişdir.

1973-cü ilin oktyabr ayında Çexoslovakiya Elmlər Akademiyasından və Praqa Universitetindən Approksimasiya nəzəriyyəsi və Funksiyaların interpolyasiyası üzrə mühazirələr oxumaq üçün dəvət alır.

1974-cü ilin mart, aprel aylarında Praqa, Brno və Bratislava şəhərlərinin universitetlərində silsilə muhazirələr oxuyur.

1974-cü ildə onun analitik funksiyaların tamlığı, çoxqat tamlığı və bazisliyinə aid 8 elmi əsəri çap olunur.

1975-ci ildə Bolqarıstanda keçirilən beynəlxalq konfransda “Dairədə analitik funksiyaların bəzi sistemlərinin bazislik şərtləri”, 1976-cı ildə Kaluqada keçirilən beynəlxalq konfransda “Kompleks dəyişənli funksiyaların birsinifli konstruktiv xarakteristikası”, 1976-cı ilin avqust ayında Ufa şəhərində keçirilən Ümumittifaq simpoziumunda “Analitik funksiyalar sisteminin Keldış mənada çoxqat tamlığı haqqında” mövzularında məruzələr etmişdir.

1977-ci ildə İbrahim İbrahimovun “Kompleks dəyişənli funksiyalar siniflərinin konstruktiv xarakteristikası haqqında”, “Müxtəlif analitik funksiyalar siniflərinin çoxqat tamlığı”, “Analitik funksiyaların ən yaxşı orta yaxınlaşması”, “Kompleks oblastda sinqulyar inteqralların yığılmasının tədqiqi” və bəzi bunlara yaxın məsələlərə həsr olunmuş 8 elmi əsəri çap olunur.

İbrahim İbrahimov 1977-ci ilin yanvarında Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin prezidenti seçilmişdir.

Onun 1978-ci ildə 3 , 1979-cu ildə isə 6 elmi əsəri çap olunmuşdur. 1979-cu ilin axırında onun “Tam funksiyaların yaxınlaşma nəzəriyyəsi” adlı üçüncü monoqrafiyası çap olunmuşdur.

1980-ci ildə Ufada keçirilən beynəlxalq konfransda “Funksiyaların bir sinfində yaxınlaşma nəzəriyyəsinin düz və tərs məsələləri” mövzusunda məruzə etmişdir.

İbrahim İbrahimov öz xatirələrində qeyd edir: “1946-cı ildən başlayaraq 40 ildən çox bir dövrdə, şəraitdən asılı olmayaraq Funksiyalar nəzəriyyəsi  üzrə təşkil etdiyim elmi seminar öz işini müntəzəm olaraq davam etdirmişdir. Burada ilk növbədə öz əməkdaşlarımızın, aspirantların elmi nəticələri, dissertasiyaları, başqa şəhərlərdən gələn 100-dən çox alimin dissertasiyası müzakirə olunmuşdur. Hesab edirəm ki, riyaziyyat üzrə elmi seminar kimya və fizika sahələrində laboratoriyaların oynadığı rolu oynayır”.

Akademik İbrahim İbrahimov 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən Azərbaycan dilinə 2 dərslik tərcümə etmişdir. Onun məqalələrindən 53-ü dövrün ən nüfuzlu elmi jurnallarından biri olan ДАН СССР jurnalında, 9-u Известия АН СССР jurnalında, 3-ü Математический сборник jurnalında, 3-ü Успехи математических Наук jurnalında, 2-si Математические Заметки jurnalında çap olunmuşdur.

Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru olmuşdur. İbrahim müəllim daim öz tələbələrinə yüksək tələbkarlıqla yanaşmış, onların elmi potensialını artırmaqla yanaşı, bir şəxsiyyət kimi formalaşması üçün də, böyük səylər göstərmiş, elmi-pedaqoji fəaliyyəti ilə gənclərə layiqli nümunə olmuşdur.

İbrahim müəllim onun yanına imdadla gələnlərdən öz köməyini, diqqət və qayğısını heç bir zaman əsirgəməmişdi. Bu da onun alimliyi ilə yanaşı, insanlığından, şəxsiyyətinin böyüklüyü və bütövlüyündən irəli gəlirdi.

Akademik İbrahim İbrahimov Kompleks və həqiqi dəyişənli funksiyaların konstruktiv nəzəriyyəsi sahəsində dövrün görkəmli riyaziyyatçıları Mstislav Vsevolodoviç Keldış, Sergey Natanoviç Bernşteyn, Sergey Mixayloviç Nikolski, Aleksandr Osipoviç Qelfond, Mixail Alekseyeviç Lavrentyev və başqaları ilə yaxından elmi əlaqələr saxlayaraq, bu sahədə Azərbaycanda yeni nüfuzlu bir məktəb yaratmağa nail olmuşdur. Onun Kompleks və həqiqi dəyişənli funksiyalar   nəzəriyyəsinin müxtəlif problemlərinə həsr olunmuş tədqiqatları arasında “Karleman” probleminin həlli mühüm yer tutur. O, akademik Keldışla  birlikdə Nyuton interpolyasiya sırasının bütün tam funksiyalar sinfində  yığılması üçün dəqiq əlamət tapmış, Qelfondla birlikdə isə interpolyasiya nəzəriyyəsinin metodları vasitəsi ilə “İki nöqtə haqqında problem” adlı məsələni həll etmişdir.

Onun dünyanın müxtəlif ölkələrində keçirilən 20-dən çox beynəlxalq konfranslarda riyaziyyat elminin ayrı-ayrı problemlərinə həsr olunmuş məruzələri daim öz elmi sanbalı ilə nüfuzlu alimlər arasında geniş marağa səbəb olmuşdur.

1982-ci ildə İbrahim İbrahimovun 70 yaşı tamam olur, bu münasibətlə “Yspexi matematiçeskix nauk” jurnalında onun haqqında Nikolski, Markuşoviç, Kudryavtsev və Yevqrafovun iri həcmli məqaləsi çap olunur.

1982-ci il fevralın 26-da Azərbaycan SSR Elmlər Akademiyasının böyük zalında İbrahim İbrahimovun 70 illiyi qeyd olunmuşdur.

Akademik İbrahim İbrahimovun əməyi Dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilmiş, o, 1986-cı ildə “Xalqlar Dostluğu” ordeni ilə təltif olunmuş, 1986-cı il aprel ayının 16-da  “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

1992-ci il mart ayının 16-da Akademiyanın böyük zalında akademik İbrahim İbrahimovun 80 illik yubileyi keçirilmişdir.

80 ildən çox şərəfli ömür sürmüş hələ gənc yaşlarından həyatın bütün enişli-yoxuşlu, mürəkkəb və çətin yollarından öz zəhmətsevərliyi ilə uğurla keçmiş İbrahim İbrahimov, həmişə öz prinsipiallığı, təvəzökarlığı, sadəliyi ilə yanaşı yeri gələndə sözünü qətiyyətlə deyən, öz haqlı mövqeyindən dönməyən şəxsiyyət kimi onu tanıyanların qəlbində yaşayır.

Maraqlıdır ki, zəngin və maraqlı həyatı boyunca o, daim xeyirxah, qayğıkeş və ziyalı insanlarla qarşılaşmışdır: Məmməd bəy Əfəndiyev, Mehdi Mehdizadə, Əşrəf Hüseynov, Maqsud Cavadov, Bəylər Ağayev, Kolmoqorov, Keldış, Gelfond, Bernşteyn, Nikolski və başqaları.

 Akademik İbrahim İbiş oğlu İbrahimov 6 oktyabr 1994-cü ildə vəfat etmiş, birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nairliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü Misir Mərdanov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər