06/05/2025
Çin, ABŞ, Yeni Zelandiya və Almaniyadan olan beynəlxalq alimlər qrupu dünya okeanında temperaturun xüsusilə sürətlə artdığı iki zonanı müəyyən edib. “Journal of Climate” (JCLI) jurnalında dərc edilən tədqiqata görə, bu “isti qurşaqlar” hər iki yarımkürədə 40-cı paralellər boyunca yerləşir və artıq qlobal iqlimə təsir göstərir.
Ən çox intensiv istiləşmə cənub yarımkürəsində 40-45 dərəcə cənub enliyi arasında, xüsusən Yeni Zelandiya, Tasmaniya və Argentinanın şərqində, Atlantik suları bölgəsində müşahidə olunur. Şimal yarımkürəsində oxşar təsir təxminən 40 dərəcə şimal enliyində – ABŞ və Yaponiyanın şərqindəki sularda qeydə alınıb. “İqlim məlumatlarında belə aydın məkan qanunauyğunluğunu tapmaq nadirdir”, – deyə tədqiqatın aparıcı müəllifi, Oklend universitetinin doktoru Kevin Trenbert bildirib. 2000-2023-cü illərdəki məlumatların təhlili göstərib ki, temperatur anomaliyaları okeanın 2000 metr dərinliyinə qədər ola bilər.