Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xalqın Ürəyində Yaşayan Lider


Bu gün  müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad edirik.

Heydər Əliyev XX və XXI əsr Azərbaycan tarixində parlaq iz qoymuş, xalqını zamanın çətin və sınaqlı dönəmlərindən uğurla çıxarmış qüdrətli liderlərdən biri olmuşdur. Onun müdrik siyasəti, uzaqgörənliyi və dönməz iradəsi sayəsində Azərbaycan təkcə regional deyil, beynəlxalq miqyasda da tanınan, müstəqil, sabit və inkişaf edən dövlətə çevrilmişdir.

Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan siyasi, iqtisadi və sosial islahatlar ölkəmizin taleyində dönüş nöqtəsi olmuşdur. O, milli həmrəyliyi, dövlətçilik ənənələrini və xalq-vətən sevgisini əsas tutaraq güclü və modern Azərbaycanın təməlini atmışdır. Bugünkü qüdrətli Azərbaycan dövlətinin hər bir uğurunun arxasında məhz Heydər Əliyev ideyalarının dərin izləri dayanır.

Heydər Əliyevin siyasi irsi bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu uzaqgörən siyasət, Azərbaycanın suverenliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası və beynəlxalq aləmdə nüfuzunun artırılması ilə nəticələnmişdir. Qarabağın azad olunması və böyük qayıdış prosesi də Ulu Öndərin arzuladığı milli birliyin və güclü dövlətin təntənəsidir.

102 il əvvəl anadan olan bu müdrik şəxsiyyətin xatirəsi bu gün yalnız tarix səhifələrində deyil, xalqımızın qəlbində yaşayır. Onun adını daşıyan ideallar, gənc nəslə örnək olan əqidəsi və xidmətləri heç vaxt unudulmayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.