21/05/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Riyaziyyat və Mexanika İnstitutunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Milli-mənəvi dəyərlər və insan haqları” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən institutun baş direktoru,AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, eyni zamanda insan haqlarına hörmətin təmin edilməsi hər bir vətəndaşın və dövlət qurumunun prioriteti olmalıdır. O, həmçinin bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizdə qanunvericilik və dövlətçilik prinsiplərinin gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Misir Mərdanov çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlər yalnız mədəniyyət və tariximizin qorunması demək deyil, həm də müasir cəmiyyətdə vətəndaşların hüquqlarının təmin olunması, sosial ədalətin inkişafı və hüquqi maarifləndirmə ilə birbaşa bağlıdır. Tədbirdə həmçinin insan haqlarının qorunması sahəsində aparılan elmi-tədqiqat işləri və təhsil müəssisələrinin rolu barədə fikir mübadiləsi aparılıb.
Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.