Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycandan beşinci universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib


“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.
“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Qeyd edək ki, bu günədək qiymətləndirmə prosesi yekunlaşan hər 5 ali təhsil müəssisəmizin fəaliyyəti “QS Stars” reytinq sistemində ilk dəfədən 5 ulduza (“mükəmməl”) layiq görülüb. Müvafiq göstərici üzrə Azərbaycan Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə lider mövqedədir.
Bu uğurlu nəticəyə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik.

eatda.edu.az