Süni intellektə bağlanırıq?
Son dövrlər insanların süni intellektlə qarşılıqlı əlaqəsi tez-tez baş verdiyindən çoxları üçün bu münasibət artıq bağlılığa çevrilmək üzrədir. Yaponiyanın Vaseda Universitetinin tədqiqatçıları bu münasibəti psixoloji model prizmasından nəzərdən keçirmək qərarına gəliblər.
Elm adamları emosional cəhətdən “bağlılığı” ölçən xüsusi texnika-EHARS şkalası yaradıblar. Məlum olub ki, insanların bəziləri həqiqətən dəstək və məsləhət üçün süni intellektə müraciət edirlər. Tədqiqat çərçivəsində iştirakçıların təxminən 75 faizinin süni intellektdən yardım mənbəyi kimi istifadə etdiyi, 39 faizinin isə onu etibarlı və daimi yoldaş kimi gördüyü müəyyən olunub. Alimlər söyləyirlər ki, onların bu işi insanların süni intellekti emosional səviyyədə necə qəbul etdiyini anlamağa kömək edir. Bu biliklər daha etik və psixoloji cəhətdən uyğunlaşdırılmış süni intellekt sistemlərinin yaradılması üçün vacibdir. Məsələn, tənha insanları dəstəkləmək üçün çatbotlar və ya psixoterapiya tətbiqləri kimi. Bu cür sistemlər istifadəçilərin fərdi ehtiyaclarını daha yaxşı nəzərə almağa – narahat insanlara qarşı daha həssas olmağa imkan verəcək. “Süni intellekt həyatımıza daha dərindən nüfuz etdikcə, insanlar onda təkcə məlumat deyil, həm də emosional dəstək axtarmağa başlayacaqlar. Bizim araşdırma bunun necə baş verdiyini anlamağa və istifadəçilərin psixoloji rifahını nəzərə alan texnologiyalar yaratmağa kömək edir”, – deyə tədqiqat müəllifi Fan Yanq bildirib.
respublika-news.az