“Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor Fərman İmran oğlu Məmmədovu 70 yaşı münasibəti ilə təbrik edirik!
Fərman İmran oğlu Məmmədov, 25 iyun 1955-ci ildə Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki ADNSU) “Tətbiqi riyaziyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1984-cü illərdə AzTU-nun “Ali riyaziyyat” kafedrasında əyani aspirant, 1984-cü ildən 2005-ci ilə kimi asistent və dosent vəzifələrini icra etmişdir. 2007–2010-cu illərdə Türkiyənin Diclə Universitetində professor, 2006–2007 və 2011–2013-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz” və “Riyazi fizika tənlikləri” şöbəsinində baş elmi işçi vəzifəsində işləmişdir. 2013-cü ildən SOCAR Neftqazelmitədqiqatlayihə institutunda aparıcı elmi işçi vəzifəsində işləyir.
Fərman Məmmədov 1984-cü ildə “İrrequlyar sərhəd nöqtəsi ətrafında elliptik və parabolik tənliklərin həllinin requlyarlığı” mövzusunda namizədlik və 2005-ci ildə “Sobolev Puankare tipli bərabərsizliklər və xüsusi törəməli differensial tənliklər üçün izoperimetrik metodlar” mövzusunda elmlər doktoru dissertasiyalarını Riyaiyyat və Mexanika İnstitutunda müdafiə etmişdir.
O, 64 elmi işin müəllifidir. Fərman Məmmədov dəyişən eksponet analizi və elliptik parabolik tipli xüsusi törəməli diferensial tənliklər sahəsində dünya səviyyəsində tanınmış mütəxəssis-expertdir.
İnstitutumuzun kollektivi Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir! Bu əlamətdar gündə Sizə ən böyük nemət olan möhkəm can sağlığı, uzun və mənalı ömür, gələcək elmi və yaradıcı fəaliyyətinizdə uğurların davamlı olmasını diləyirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.