Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər ən süni həyat formasını yaradıblar


Britaniya alimləri Yer üzündəki hər hansı digər canlı orqanizmdən daha mürəkkəb və nizama salınmış genetik koda malik süni bakteriya yaradıblar. Syn 57 adlı bağırsaq çubuğu (Escherichia coli) bu günə qədər mümkün olmuş ən az kodon sayı ilə sintez olunub – bu, milyardlarla ildir bütün məlum canlı orqanizmlərin istifadə etdikləri genetik kod vahididir. Bu kəşf sintetik polimerlərin yaradılmasında yeni texnologiyaların meydana çıxmasına gətirib çıxara bilər. Həyatın “resepti” 64 fərqli “hərf” və ya kodondan ibarət bir dillə yazılıb, hər kodon 3 nukleotid qalığından ibarətdir. Bu “üçhərfli” kodonlardan ibarət uzun cümlələr bizim DNT və RNT-mizi təşkil edirlər. Onlar hüceyrələrə adi maddəni həyatın inşa bloklarına – müəyyən ardıcıllıqla düzülərək zülalları formalaşdıran amin turşularına çevirmək üçün mühüm göstərişlər verirlər.

Hüceyrə zülalları qurarkən, hansı amin turşularının əlavə ediləcəyini və nə vaxt dayanmaq lazım olduğunu müəyyən etmək üçün bu 64 nukleotidli tripletlərlə yazılmış kodon ardıcıllığını oxuyur. Lakin bu sistemdə bəzi izah olunmayan təkrarlanmalar mövcuddur. Təbiətdəki bütün canlı orqanizmlər onlara lazım olan zülalları cəmi 20 amin turşusu ilə sintez edə bilirlər. Bu da o deməkdir ki, bir çox kodonlar əslində “sinonimdir”. Syn 57 orqanizmi bu “artıq” kodonlardan bəzilərinə ehtiyac duymadan fəaliyyət göstərir. Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasına bağlı Molekulyar Biologiya Laboratoriyasından olan alimlər ilk dəfə olaraq bir canlı orqanizmin genomunu cəmi 57 kodona qədər azaltmağa nail olublar. Əvvəlki rekord isə 61 kodon idi.

Tədqiqatçılar bütün genomu sıfırdan yaratmaqla, serin amin turşusu ilə əlaqəli 6 kodondan 4-nü, alanin üçün nəzərdə tutulmuş 4 kodondan 2-ni və 1 stop-kodonu çıxarmağı qarşıya məqsəd qoyublar. Bu artıq kodonlar bakteriyanın genomunda harada rast gəlinirdisə, tədqiqatçılar onları eyni təlimatları ehtiva edən sinonim kodonlarla əvəz ediblər. Bu proses genetik kodda 101.000-dən çox dəyişiklik tələb edib. İlk olaraq bu dəyişikliklər kompüterdə 100 kilobaytlıqfraqmentlər şəklində planlaşdırılıb, daha sonra isə genlərin birləşdirilməsi üzrə ətraflı və dəqiq işlər aparılıb. Dəyişikliklərin orqanizmə zərər verib-vermədiklərini müəyyən etmək üçün tədqiqatçılar əvvəlcə sintetik genomun kiçik hissələrini canlı bakteriyalar üzərində sınaqdan keçiriblər, daha sonra isə bu hissələri birləşdirərək tamamilə sintetik son variantı – yeni bakteriya ştammını hazırlayıblar. Beləliklə, alimlərin fikrincə, həyat hətta əhəmiyyətli dərəcədə ixtisar edilmiş genetik kodla da mövcud ola bilər. Azad edilmiş kodonlar isə digər funksiyalar üçün istifadə oluna bilər.

 

technote.az

Faydalı linklər