Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanikanın Müasir Problemləri” Konfransında Misir Mərdanovun Məruzəsi: Azərbaycan Riyaziyyatının Dünəni, Bu Günü və Perspektivləri Müzakirə Olundu


Sentyabrın 3-də start götürən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XII Beynəlxalq Elmi Konfransı çərçivəsində Riyaziyyat və mexanika institututnun baş direktoru AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov çıxış edərək Azərbaycanda riyaziyyat elminin inkişaf mərhələləri, əldə olunan nailiyyətlər və gələcək hədəflər barədə ətraflı məlumat verib.

Məruzədə vurğulanıb ki, ölkəmizdə müasir riyaziyyat elminin inkişafı 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması ilə əsaslı şəkildə başlamışdır. Bu istiqamətdə Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov və Maqsud Cavadov kimi görkəmli alimlərin müstəsna rolu qeyd olunub. Sonrakı illərdə isə Məcid Rəsulov, Cəlal Allahverdiyev, Arif Babayev, Akif Hacıyev və digər tanınmış riyaziyyatçılar elmi məktəbin formalaşmasına və inkişafına mühüm töhfələr veriblər.

Misir Mərdanov qeyd edib ki, 1959-cu ildə yaradılmış Riyaziyyat və Mexanika İnstitutu bu günədək ölkədə riyaziyyat elminin lokomotivi kimi fəaliyyət göstərir. İnstitut əməkdaşları bu gün də fundamental və tətbiqi riyaziyyat sahəsində elmi tədqiqatlarını uğurla davam etdirirlər. Hal-hazırda İnstitutda 4 beynəlxalq elmi jurnal nəşr olunur. Onlardan 3-ü Scopus, 2-si isə həm Scopus, həm də Web of Science elmi bazalarında indeksləşir. Riyaziyyat və Mexanika İnstitutunun 66 illik fəaliyyəti nəticəsində institut əməkdaşlarının 2024-cü ildə 90 məqaləsi nüfuzlu bazalarda çap olunub, 2025-ci ildə isə 34 nəfər Elm və Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görülüb.

Məruzədə, həmçinin, Filds medalı, Abel mükafatı, Breakthrough mükafatı kimi beynəlxalq riyaziyyat mükafatları haqqında məlumat verilmiş, Azərbaycanın 2014–2024-cü illərdəki SJR reytinqi müxtəlif sahələr üzrə təqdim olunmuşdur.

Professor Misir Mərdanov çıxışının sonunda vurğulayıb ki, Azərbaycan riyaziyyat elmi zəngin ənənələrə və perspektivlərə malikdir. Riyaziyyat sahəsində görülən işlərin elmi ictimaiyyət və dövlət tərəfindən dəstəklənməsi, bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi gələcək uğurların əsas təminatıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər