04/09/2025
3 sentyabr 2025-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda XII Beynəlxalq Elmi Konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev riyaziyyat elminin müasir dövrdə artan strateji rolundan bəhs edib.
Akademik R.Əliquliyev çıxışına Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin adından konfrans iştirakçılarını salamlayaraq başlamış, AMEA rəhbərliyinin elmin inkişafına və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsinə verdiyi yüksək önəmi xüsusi vurğulamışdır. O, akademik İsa Həbibbəylinin elmi mühitdə təşəbbüskar və strateji yanaşmalarının Azərbaycan elminin institusional inkişafına verdiyi töhfələri qeyd edib.
Daha sonra akademik R.Əliquliyev “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı beynəlxalq konfransın tarixi əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, tədbirin artıq 27 illik ənənəyə sahib olduğunu və bu müddət ərzində özünü beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilmiş nüfuzlu akademik platforma kimi təsdiqləmişdir. Onun sözlərinə görə, konfrans təkcə fundamental və tətbiqi riyaziyyat sahəsində aktual elmi məsələlərin müzakirəsi ilə kifayətlənmir, eyni zamanda ölkənin innovativ inkişaf gündəliyində yer alan strateji məqsəd və vəzifələrin elmi əsaslandırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Alim bildirib ki, hazırda ölkədə gedən elmi-texnoloji proseslər, innovativ inkişaflar və rəqəmsal transformasiyalar fonunda riyaziyyat elminə olan tələbat daha da artıb:
“Konfrans bu gün çox böyük aktuallığa malikdir. Ölkəmizdə gedən yeniliklər, innovativ proseslər, rəqəmsal transformasiyalar və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş bir sıra sənədlərin icrasında riyaziyyata böyük ehtiyac vardır”, – deyə akademik qeyd edib.
Rasim Əliquliyevin sözlərinə görə, qarşıdakı illərdə riyaziyyat sahəsində prioritet istiqamətlərin və konkret elmi vəzifələrin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu isə yalnız nəzəri baxımdan deyil, həm də tətbiqi elmlər və texnologiyalar sahəsində real nəticələrin əldə olunmasına mühüm töhfə verəcək:
Akademik bu kimi beynəlxalq tədbirlərin yalnız elmi bilik və təcrübə mübadiləsi üçün deyil, həm də Azərbaycan elminin strateji inkişafının istiqamətləndirilməsi baxımından mühüm rol oynadığını bildirib. O, konfransın riyaziyyat və mexanika sahəsində ölkənin əldə etdiyi elmi nailiyyətlərin dünya elmi ictimaiyyətinə təqdim olunması üçün effektiv platforma olduğunu qeyd edib.
Çıxışının sonunda akademik Rasim Əliquliyev konfransın yüksək səviyyədə təşkilinə görə Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib, riyaziyyat və mexanikanın inkişafı istiqamətində dünya elmi ictimaiyyətini gözləyən əsas çağırışlara və vəzifələrə toxunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.