Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Plenar sessiyada tanınmış alimlər elmi məruzələrlə çıxış ediblər


04 sentyabr 2025-ci il tarixində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XII Beynəlxalq Elmi Konfransı çərçivəsində azərbaycanlı və xarici alimlərin iştirakı ilə keçirilən plenar sessiyada riyaziyyat və tətbiqi elmlər sahəsində mühüm elmi məsələlər müzakirə olunub. Sessiyaya sədrlik  professorlar Varga KalantarovAzər Əhmədov tərəfindən həyata keçirilib.

Plenar sessiya çərçivəsində dünyanın aparıcı elmi mərkəzlərini təmsil edən nüfuzlu tədqiqatçılar aktual elmi mövzularda çıxış ediblər. Norveçin Bergen Universitetinin tanınmış alimi professor İrina Markina “Məkanların sürüşməsi haqqında” (“On rolling of manifolds”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə diferensial həndəsə və qeyri-xətti sistemlər kontekstində manifoldların hərəkəti və bu sahədə yeni yanaşmalar ətraflı şəkildə təqdim olunub.

Sessiyanın digər diqqətçəkən çıxışlarından biri ABŞ-ın Texas Universitetini təmsil edən azərbaycanlı alim professor Yalçın Əfəndiyev tərəfindən təqdim olunub. Onun “Dinamik problemlər üçün çoxkontinulum homogenləşdirmə” (“Multicontinuum homogenization for dynamic problems”) adlı elmi məruzəsində çoxfazalı mühitlərdə dalğa proseslərinin modelləşdirilməsi və homogenləşdirmə metodlarının tətbiqi məsələləri müzakirə olunub.

Plenar sessiyanın sonunda məruzəçilərə  sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər