05/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda XII Beynəlxalq Elmi konfrans öz işini uğurla başa çatdırıb.
Tədbirin bağlanış mərasimində çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov konfransın həm elmi, həm də təşkilatı baxımdan yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, konfransda mexanika, riyaziyyatın və riyazi təhsilin inkişafı tarixi həm fundamental tədqiqatları, həm də tətbiqi aspektləri ilə məşğul olan müxtəlif ölkələrin alimləri tərəfindən 140-dan artıq məruzəsi dinlənilib.
Təqdim olunan elmi işlər funksional analiz və operatorlar nəzəriyyəsi, diferensial tənliklər və optimal idarəetmə, funksiya nəzəriyyəsi, harmonik və qeyri-harmonik analiz, cəbr, həndəsə və topologiya, ehtimal nəzəriyyəsi və riyazi statistika, hesablama riyaziyyatı və riyazi modelləşdirmə, mexanika, riyaziyyatın və riyaziyyat təhsilinin inkişaf tarixi, habelə riyazi fizikanın qeyri-xətti məsələləri kimi mühüm elmi istiqamətləri əhatə edib.
Konfrans çərçivəsində fundamental elmi nəticələr təqdim olunub, müasir problemlərin həlli yolları müzakirə edilib, eləcə də iştirakçılar arasında yeni elmi əməkdaşlıqların qurulması və gələcək tədqiqat layihələrinin müzakirəsi diqqət mərkəzində olub.
Sonda konfransda iştirak edən alimlər təqdim olunan məruzələrin elmi səviyyəsini yüksək qiymətləndirmiş, riyaziyyat və mexanikanın müxtəlif sahələrində mövcud problemlərin və gələcək tədqiqat istiqamətlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulamışlar. Alimlər belə elmi konfransların təşkili və yüksək səviyyədə keçirilməsinin elmi ictimaiyyət üçün mühüm rol oynadığını qeyd edərək, başda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi olmaqla, bütün təşkilatçılara təşəkkürlərini bildirmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.