08/09/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə 3–6 sentyabr 2025-ci il tarixlərində keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII Beynəlxalq Elmi Konfrans çərçivəsində ölkəmizə təşrif buyurmuş nüfuzlu alimlər institutun əməkdaşlarına və media nümayəndələrinə müsahibələr veriblər.
Müsahibələr zamanı konfrans iştirakçıları Azərbaycanda elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, elmi tədbirlərin təşkil səviyyəsi və konfransın elmi əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Alimlər, xüsusilə Riyaziyyat və Mexanika İnstitutunda yaradılmış elmi mühit, tədqiqat istiqamətləri və gənc tədqiqatçılar üçün açılmış imkanları yüksək qiymətləndiriblər.
Konfrans iştirakçıları həmçinin tədbirin təşkilatçılığı və elmi proqramın məzmunu ilə bağlı məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, konfrans çərçivəsində aparılan müzakirələr riyaziyyat və mexanikanın aktual problemlərinin həllində yeni yanaşmaların formalaşmasına və beynəlxalq təcrübə mübadiləsinə töhfə verir.
Xarici qonaqlar Azərbaycan elmi ictimaiyyəti ilə əməkdaşlıq imkanlarını genişləndirməkdə maraqlı olduqlarını qeyd edərək, gələcəkdə bu cür tədbirlərin daha tez-tez keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, onlar ölkəmizin zəngin mədəni irsi, qonaqpərvərliyi və təhlükəsiz mühitindən də razılıqla bəhs ediblər.
Qeyd edək ki, XII Beynəlxalq Elmi Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, akademiklər və tədqiqatçılar iştirak edərək riyaziyyat və mexanikanın müasir elmi problemləri ətrafında məruzələrlə çıxış ediblər.