Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AzMİU-da tanınmış alman alimi Holm Altenbachın iştirakı ilə vörkşop keçiriləcək


Hörmətli həmkarlar!

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş elmi tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim Holm Altenbachun iştirakı ilə vörkşop keçiriləcək.

Seminar və görüşlərin proqramı:

29 sentyabr (Bazar ertəsi), 10:30 – 13:00“Sürüncəklik mexanikasının tarixi və elmi qrupun nəticələri” adlı genişləndirilmiş seminar(Korpus 1, otaq 317)

30 sentyabr (Çərşənbə axşamı), 11:00 – 12:00“Qeyri-klassik lövhə konstruksiyaları” adlı genişləndirilmiş seminar(Korpus 1, otaq 317)

1 oktyabr (Çərşənbə), 10:00 – 12:00Ali Riyaziyyat, İnşaat konstruksiyaları və Mexanika kafedraları ilə görüş, universitetin elmi mövzularının təqdimatı, birgə tədqiqatların müzakirəsi və əməkdaşlıq perspektivləri(Korpus 1, otaq 317)

İştirak etmək istəyənlər üçün əlaqə nömrəsi: 070-670-08-01

Professor Holm Altenbach 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu (indiki Sankt-Peterburq Politexnik İnstitutu, Rusiya) bitirmiş, 1983-cü ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru dərəcəsi almışdır. 1996–2011-ci illərdə Martin-Luther Universitetində (Halle-Vittenberq, Almaniya) mühəndislik mexanikası professoru olub.

O, indiyədək 51 PhD dissertasiyasına rəhbərlik etmiş, 330-dan çox elmi məqalənin müəllifi və ya həmmüəllifidir. 1992–2018-ci illərdə Almaniya Tədqiqat Fondu tərəfindən dəstəklənən üç PhD məktəbinin üzvü, 1997–2016-cı illərdə isə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən beynəlxalq tədqiqat qruplarında iştirak etmişdir. Əsas tədqiqat sahələri: davamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazik divarlı quruluşların analizi, möhkəmlik nəzəriyyələri və sürünmə-zədələnmə problemləridir.

Professor Holm Altenbach Krupp mükafatı (Almaniya) və Humboldt mükafatı (Polşa) laureatıdır. O, “Kharkiv Politexnik İnstitutu” (Ukrayna), Ovidius Universiteti (Rumıniya) və İvane Cavaxişvili Tbilisi Dövlət Universiteti (Gürcüstan) tərəfindən fəxri doktor adına layiq görülmüşdür. 2019-cu ildə Rusiya Elmlər Akademiyasının, 2021-ci ildə isə Ukrayna Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.

Hazırda Holm Altenbach “ZAMM – Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru, “Continuum Mechanics and Thermodynamics” jurnalının məsləhətçi redaktoru və “Mechanics of Composite Materials” jurnalının assosiativ redaktorudur. Bundan əlavə, bir sıra nüfuzlu elmi jurnalların redaksiya heyətinin üzvüdür və 2010-cu ildən Andreas Öchsner ilə birlikdə Springer-in “Advanced Structured Materials” kitab seriyasını redaktə edir.Bu vörkşop Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq akademik əlaqələrinin möhkəmləndirilməsi və elmi əməkdaşlıq perspektivlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Dünyaca məşhur alimlərin AzMİU-da çıxış etməsi universitetin beynəlxalq nüfuzunun artmasına, gənc tədqiqatçıların isə yeni elmi istiqamətlərdə inkişafına mühüm töhfə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir

Faydalı linklər