31/10/2025
AMEA-nın 80 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin xüsusi nömrəsi çapdan çıxıb.
Xüsusi buraxılışın birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı yer alıb.
Buraxılışın sonrakı səhifələrində ölkə başçısının digər sərəncamları, üç dildə Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərinin adları, həmin alimlərin kollektiv fotosu təqdim edilib.
Xüsusi buraxılışda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının tarixinin, inkişaf mərhələlərinin və müasir elmi mühitdə rolunun, eyni zamanda elmin innovativ istiqamətlərdə tərəqqisi və beynəlxalq əməkdaşlıqların genişlənməsi sahəsində həyata keçirilən tədbirlərin əks olunduğu “Azərbaycan Milli Elmlər Akademiyası: İnkişaf mərhələləri və müasir dövr” başlıqlı geniş məqaləsi yer alıb.
Qəzetin bu sayında “Akademiyada Qarabağnamə ənənəsi”, “Türkiyədə 80 illik yubiley tədbirləri”, “Elm və təhsilin vəhdəti” “Avropa elminə inteqrasiya” və “AMEA-nın 80 illiyi münasibətilə” rubrikaları altında geniş və əhatəli yazılar işıqlandırılıb.
16 səhifəlik qəzetin rus və ingilis dili bölmələrində də Akademiyanın 80 illik yubileyi ərəfəsində elmi-təşkilati fəaliyyətini əks etdirən informasiyalar dərc edilib.