06/11/2025
06 noyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmiş və 2025-ci ildə institutda aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsinin elmi baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir.
İclasda bir neçə istiqamət üzrə aparılmış tədqiqatların nəticələri təqdim olunmuş və müzakirə edilmişdir. İlk olaraq ikitərtibli xətti parabolik tənliklər üçün sərhəd şərtlərində zamana görə gecikmə olan birölçülü qarışıq məsələlərin tədqiqinə dair araşdırma təqdim olunmuşdur. Bu tədqiqatda dəyişən əmsallı bircins parabolik tənlik üçün zamana görə gecikməli sərhəd şərtli qarışıq məsələnin həllinin varlığı və yeganəliyi araşdırılmış, həll üçün kontur inteqralı şəklində analitik ifadə alınmışdır. Həmçinin Petrovskinin klassik paraboliklik şərtlərini ödəməyən tənliklər üçün “ümumiləşmiş parabolik tənliklər” anlayışı irəli sürülmüş və bu tənliklər üçün Dirixle sərhəd şərtli qarışıq məsələnin həllinin varlığı və yeganəliyi sübut edilmişdir. Tədqiqat akademik Yusif Məmmədov tərəfindən yerinə yetirilmişdir.
Daha sonra Musielak-Orlic-Morri fəzalarında potensial operatorların və onların kommutatorlarının məhdudluğu ilə bağlı aparılmış araşdırmanın nəticələri təqdim edilmişdir. Məlumat verilmişdir ki, bu istiqamətdə Riss potensialının güclü və zəif Adams tip məhdudluğu üçün kafi şərtlər tapılmış, parabolik kəsr maksimal operator və onun kommutatorunun parabolik total Morri fəzalarında məhdudluğu üçün meyarlar müəyyən edilmişdir. Həmçinin stratifikasiya olunmuş Li qruplarında maksimal operatorun kommutatorları üçün tam xarakteristika əldə edilmişdir. Bu nəticələr AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və dosent Mehriban Omarova tərəfindən əldə olunmuşdur.
İclasda həmçinin çoxdəyişənli funksiyanın ridge funksiyaların cəmi şəklində göstərilişi məsələsinə dair tədqiqatın nəticələri də təqdim olunmuşdur. Bu işdə belə funksiyaların ridge funksiyaların cəmi kimi ifadəsi üçün yeni şərtlər alınmış, bu şərtlərə əsasən A. Pincusun monoqrafiyasında qoyulmuş məsələ polinom dəqiqliyi ilə yeni metodla həll edilmişdir. Sübuta yetirilmişdir ki, kəsilməz çoxdəyişənli funksiya istənilən tip ridge funksiyalarla göstərilə bilirsə, o, kəsilməz ridge funksiyalar və müəyyən çoxdəyişənli polinomun cəmi şəklində də təqdim oluna bilər. Tədqiqat r.e.d., professor Rəşid Əliyev tərəfindən aparılmışdır.
Şuranın gündəliyində yer alan növbəti məruzə Şturm–Liouville tipli tənliklərin fəzadan çıxmaqla operator realizasiyalarının spektral xassələrinin tədqiqinə həsr olunmuşdur. Məruzədə sərhəd şərtində spektral parametr Herqlotz–Nevanlinna tipli funksiyada dəyişən Şturm–Liouville tənlikləri üçün uyğun Hilbert fəzasının qurulması, operatorun dissipativ, akkumlyativ və öz-özünə qoşma genişlənmələrinin təyin oblastlarının təsviri və spektral xassələrin müəyyənləşdirilməsi barədə məlumat verilmişdir. Tədqiqat prof. Məmməd Bayramoğlu və prof. Nigar Aslanova tərəfindən yerinə yetirilmişdir.
Daha sonra məsaməli mühitdə faza çevrilmələrinə və axınlara maye tərkiblərin təsirləri və qaz qarışıqlarının flüidlərdə həll olunma mexanizmləri ilə bağlı aparılmış tədqiqatın nəticələri şura üzvlərinə təqdim edilmişdir. Məlum olmuşdur ki, karbohidrogenlə doymuş məsaməli mühitlərə qaz injeksiyası zamanı baş verən qeyri-stasionar proseslər tədqiq edilmiş, CO₂-dən istifadə etməklə enerji, iqtisadi və ekoloji baxımdan daha effektiv həllər təklif edilmişdir. Bu istiqamətdəki nəticələr AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahov və t.e.d. Eldar Abbasov tərəfindən əldə edilmişdir.
İclasın sonunda irsi xassəli materialların müxtəlif yüklənmələr altında müddət möhkəmliyinin tədqiqinə dair məruzə dinlənilmişdir. Aparılmış tədqiqatda materialların zədələnmə prosesini xarakterizə edən yeni funksional modellər qurulmuş, zədələnmə kinetikasını müəyyən edən tənlik alınmış və materialın xidmət müddətini hesablamağa imkan verən riyazi möhkəmlik şərtləri əldə olunmuşdur. Bu iş f.-r.e.d., professor Lətif Talıblı tərəfindən yerinə yetirilmişdir.
İclasda institutun “Maye və qaz mexanikası” şöbəsinin əməkdaşları – AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahov və texnika elmləri doktoru, dosent Eldar Abbasov tərəfindən yerinə yetirilmiş tətbiqi xarakterli elmi nəticələr haqqında da məlumat təqdim edilmişdir. Məruzədə karbohidrogen yataqlarının işlənməsi zamanı layların quyudibi zonalarında kolmatant yığılmaları nəticəsində baş verən istismar mürəkkəbləşmələrinin qarşısının alınması məsələsinə toxunulmuşdur. Tədqiqat işində termoqazkimyəvi əsaslandırmalara söykənərək məsaməli mühitlərdə yaranan tıxacların aradan qaldırılması üçün istifadə olunan texnoloji üsullar qiymətləndirilmiş və suffoziyalı təmizləmə metodunun digər üsullara nisbətən daha effektiv olduğu elmi olaraq əsaslandırılmışdır.
Təqdimat zamanı qeyd edilmişdir ki, hazırlanmış yeni texnoloji metod “Binagadi Oil” şirkətinin yatağında yerləşən 220100 və 223107 saylı istismar quyularında sınaqdan keçirilmiş və uğurla tətbiq edilmişdir. Aparılan təcrübə-sənaye işlərinin nəticələri üsulun yüksək istehsal səmərəliliyini təsdiqləmiş, xüsusilə də quyu məhsuldarlığında nəzərəçarpacaq artım müşahidə edilmişdir. Belə ki, orta maye hasilatı sutkada 0,5 m³-dən 4,3–4,7 m³-ə qədər yüksəlmişdir. Bu nəticələr “Binagadi Oil” şirkətinin 27 may 2025-ci il tarixli rəsmi protokolu ilə də təsdiq olunmuşdur.
İclas iştirakçıları bu nəticənin praktik əhəmiyyətini yüksək qiymətləndirmiş, tətbiqi elmin real sənaye proseslərinə verdiyi töhfələrin vacibliyini vurğulamışlar.
İclasda təqdim olunan bütün elmi nəticələr Elmi Şura tərəfindən yüksək qiymətləndirilmiş və 2025-ci ilin elmi-tədqiqat fəaliyyətinin mühüm nailiyyətləri kimi təsdiq olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.