Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 2025-ci ilin illik hesabatı təqdim edilib


2025-ci il noyabrın 26-da Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın geniş iclası keçirilmiş və institutun illik fəaliyyəti üzrə hesabat akademik Misir Mərdanov tərəfindən təqdim edilmişdir. Misir Mərdanov hesabatında bildirmişdir ki, hesabat dövründə İnstitutda elmi tədqiqatlar riyaziyyat və mexanika üzrə ümumilikdə 6 əsas istiqaməti əhatə etmişdir. Bu istiqamətlərə harmonik və qeyri-harmonik analiz, approksimasiya nəzəriyyəsi; diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi; optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı; Azərbaycanda riyaziyyatın inkişafı tarixi; deformasiya olunan bərk cisim mexanikası, habelə maye, qaz və plazma mexanikası daxildir. Professor  Misir Mərdanov qeyd etmişdir ki, hesabat ilində əməkdaşlar tərəfindən 16 mövzu üzrə 87 elmi-tədqiqat işi aparılmış, onların 65-i riyaziyyat, 22-si isə mexanika sahəsinə aid olmuşdur. Alınmış elmi nəticələr beynəlxalq və respublika səviyyəli konfranslarda müzakirə olunmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və əksəri nüfuzlu jurnallarda dərc edilmişdir. O, həmçinin vurğulamışdır ki, 2025-ci ilin noyabr-dekabr aylarında Elmi Şuranın iclaslarında əməkdaşların 17 mövzu üzrə bütün 87 işinin hesabatı dinlənilmiş və onlardan 10 elmi iş üzrə mühüm elmi nəticələr təsdiq edilmişdir.

Misir Mərdanov institutun nəşriyyat fəaliyyətinə də toxunaraq bildirib ki, il ərzində əməkdaşlar tərəfindən 254 elmi iş hazırlanmışdır. Bunlara 3 kitab, 2 monoqrafiya, 126 məqalə və 100 tezis daxildir. Xaricdə 88 məqalə və 37 tezis dərc edilmiş, 93 məqalə impakt faktorlu jurnallarda işıq üzü görmüşdür. İnstitut əməkdaşlarının elmi əsərlərinə edilən istinadların sayı isə 2260 olmuşdur. O, İnstitutun veb fəaliyyətini də xüsusi qeyd edərək bildirmişdir ki, imm.az saytında bütün məlumatlar Azərbaycan, ingilis və rus dillərində təqdim edilir, hesabat ilində sayta 640 xəbər yerləşdirilmiş və dünya ölkələrindən ümumilikdə 55 477 baxış qeydə alınmışdır.

Hesabatda həmçinin 03–05 sentyabr 2025-ci il tarixlərində keçirilmiş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XII Beynəlxalq Konfransı haqqında geniş məlumat verilmişdir. Misir Mərdanov qeyd etmişdir ki, konfransda 22 ölkədən 176 tezis qəbul olunmuş, Türkiyə, Əlcəzair, ABŞ, Qazaxstan, Qırğızıstan, Norveç, Litva, Kuveyt və Gürcüstandan olan alimlər də daxil olmaqla 32 nəfər əyani, 4 nəfər isə onlayn şəkildə iştirak etmişdir. 11 plenar və 10 bölmə iclasında 140-dan çox elmi məruzə dinlənilmişdir. Akademik M.Mərdanov İnstitutun beynəlxalq elmi nüfuzunun daha da yüksəldiyini, elmi nəticələrin keyfiyyətinin artdığını və gələcək illərdə bu inkişafın daha da güclənəcəyini vurğulamışdır.

Hesabat dövründə institut əməkdaşları bir sıra əhəmiyyətli qrant layihələrində iştirak etmişlər.

Azərbaycan Elm Fondunun “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsi çərçivəsində Şükürov Aydın Şükür oğlu kənd təsərrüfatı sahələrinin dinamikasının qiymətləndirilməsi üçün, Telman Qasımov isə qaz və elektrodinamika proseslərinin modelləşdirilməsi üzrə layihələr həyata keçirmişdir.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qrant müsabiqəsində Eminağa Məmmədov qrənd Sobolev fəzalarında elliptik tənliklərin fredholmluğu və əlaqəli məsələlərin tədqiqi üzrə layihə icra etmişdir. Həmin sahədə müxtəlif Banax-Sobolev və Orliç fəzalarında operatorların xassələri, inteqral təmsillər və elliptik tənliklərin həlli öyrənilmiş, bir sıra elmi məqalələr beynəlxalq jurnallarda dərc olunmuşdur.

“Yaşıl dünya naminə həmrəylik ili” qrant müsabiqəsi çərçivəsində Səbinə Sadıqova qrənd Sobolev fəzalarında elliptik tənliklərin Qalerkin və Rits üsulları ilə həlli, veyvlet analiz və neyron şəbəkə metodları üzrə tədqiqatlar aparmışdır.

Bundan əlavə, Qeylani Pənahov SOCAR Elm Fondu tərəfindən maliyyələşdirilən qaz yataqları ehtiyatlarının hesablanması və istismarında dəqiqlik meyarları layihəsini uğurla yerinə yetirmişdir.

Akademik Misir Mərdanov hesabatda vurğulamışdır ki, bu qrant layihələri institutun elmi fəaliyyətinin keyfiyyətini artırmış, əməkdaşların beynəlxalq nüfuzunu gücləndirmiş və elmi nəticələrin geniş yayılmasına töhfə vermişdir.

Hesabatın sonunda Elmi Şura tərəfindən əməkdaşların fəaliyyətinin nəticələri müzakirə edilmiş, görülən işlər yüksək qiymətləndirilmiş və hesabat qənaətbəxş hesab edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər