04/12/2025
Nils Henrik Abel: Riyaziyyatın İnkişafında Qısa, Lakin Dərin İz
“Abel elə zəngin bir irs qoyub getdi ki, riyaziyyatçılar qarşıdakı yüz əlli il bununla məşğul olacaqlar.”. Çünki Nils Henrik Abelin cəmi iyirmi yeddi illik ömrü riyaziyyat tarixində yüzillik bir iz buraxdı.
Şarl Ermit
1802-ci ildə Norveçin Finqö kəndində anadan olan Abelin uşaqlıq illəri ağır ailə mühiti, maddi çətinliklər və atasının alkoqol asılılığı səbəbindən psixoloji olaraq gərgin keçmişdi. Lakin bu çətinliklər onun intellektual inkişafını ləngitmədi. Məktəbdə müəllimi Bertel Mixael Holmboe onun riyazi istedadını ilk kəşf edənlərdən oldu və Abeli sistemli şəkildə elmə yönəltdi. Holmboe gənc haqqında yazırdı: “Əgər yaşasa böyük riyaziyyatçı olacağına şübhəm yoxdur.”
1820-ci ildə atasının vəfatından sonra ailənin bütün yükü Nils Henrik Abelə düşdü. O, həm ailəni dolandırmağa çalışır, həm də təhsilinə davam edirdi. 1821-ci ildə daxil olduğu Xristianiya Universitetində müəllimləri onun istedadını yüksək qiymətləndirərək şəxsi vəsaitləri hesabına ona təqaüd ayırdılar – onların fikrincə, bu gəncin itirilməsi elmin özünə ziyan olardı.
Abelin ilk elmi nəticələri də məhz bu dövrə təsadüf edir. O, diferensial tənliklərin inteqrasiya olunması ilə bağlı işini 20 yaşında tamamladı. İş nəşr olunmasa da, ona dövlət təqaüdü qazandırdı. Elə həmin il Abel riyaziyyat tarixinin ən fundamental nəticələrindən birinə imza atdı: beşinci dərəcəli tənliklərin ümumi halda radikallarla həllinin mümkün olmadığını sübut etdi. Bu nəticə sonrakı dövrdə Qaluanın qrup nəzəriyyəsinə möhkəm əsas yaratdı.
Elmi parlayışı maddi vəziyyətini düzəltmirdi. Kopenhagen səfərində tanış olduğu Kristina Kemp ilə evlənmək üçün sabit gəlirə ehtiyacı vardı. 1824-cü ildə ona ayrılan Avropa səfəri vəsaiti isə həm yeni imkanlar açdı, həm də yeni çətinliklər yaratdı. Berlin, Venesiya, Paris Abel bu şəhərlərdə dövrün mühüm alimləri ilə əlaqə yaratdı. Avqust Krelle onu Berlində öz jurnalında çalışmağa dəvət etdi. Bu dövr Abelin elliptik funksiyalar nəzəriyyəsini yaratdığı ən məhsuldar illər idi. Onun Yakobi ilə “səssiz rəqabəti” riyaziyyatın bu sahəsində inqilabi irəliləyişə səbəb oldu.
Paris mərhələsi isə həm ümid, həm də məyusluqla yadda qaldı. Abel elliptik və abel funksiyalarına dair fundamental memuarını Fransa Akademiyasına təqdim etsə də, mətn uzun müddət itdi və yalnız alim dünyasını dəyişdikdən sonra dəyərləndirildi. Maddi vəziyyətinin ağırlaşması 1827-ci ildə onu vətənə qayıtmağa məcbur etdi. Müvəqqəti müəllimlik etsə də, aldığı maaş ailə borclarını ödəməyə kifayət etmirdi.
Son illərində Abel riyazi analiz və funksiyalar nəzəriyyəsi sahəsində mühüm nəticələr əldə etdi. Onun sıra nəzəriyyəsi, elliptik inteqrallar, həmçinin Koşinin “sərhədsiz yaxınlaşan funksiyaların cəmi də davamlıdır” iddiasına gətirdiyi məşhur əks-nümunə riyazi analizdə dönüş nöqtəsi sayılır.
Lakin ağır həyat şəraiti və davamlı maddi sıxıntılar vərəm xəstəliyinin sürətlə irəliləməsinə səbəb oldu. 1829-cu ildə, cəmi 27 yaşında dünyasını dəyişdi. Ölümündən bir neçə gün sonra Berlin Universiteti ona ömürlük professorluq vəzifəsi ayırmışdı.
Bu gün Abelin adı Ayın bir kraterində yaşayır. 2002-ci ildə Norveç hökuməti onun şərəfinə dünyanın ən nüfuzlu riyaziyyat mükafatlarından biri olan Abel Mükafatını təsis edib. Oslo və Erstad şəhərlərində onun abidələri ucalır, Norveçin 500 kronluq əskinasında illərlə onun portreti yer alıb.
Nils Henrik Abelin həyatı qısa oldu, lakin yaratdığı elmi irs riyaziyyatın sərhədlərini dəyişəcək qədər böyükdür. O, tənliklərin həllindən daha geniş bir işi riyazi düşüncə tərzinin yenilənməsini həyata keçirdi. Belə alimlərin ömrü qısa olsa da, yaratdığı işıq əsrlərlə sönmür.