Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda ailə dəyərlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Həmkarlar Komitəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbir gənclər arasında ailə dəyərlərinin və sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi, erkən nikah və qohumlar arasında nikahın səbəbləri və onların mənfi fəsadlarının izahı məqsədi daşıyıb.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək gənclərin etibarlı, elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, ailə dəyərlərinin cəmiyyətin sosial sabitliyi və davamlı inkişafında əsas amillərdən biri olduğunu qeyd edərək, erkən nikah və qohumlar arasında nikah kimi sosial problemlərin yalnız kompleks maarifçilik tədbirləri, düzgün informasiya mühiti və elmi yanaşma vasitəsilə azaldıla biləcəyini diqqətə çatdırıb. Professor Misir Mərdanov həmçinin belə tədbirlərin gənclərin məsuliyyətli qərar vermə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə münasibətləri” şöbəsinin müdir müavini Kamilla Əliyeva və baş məsləhətçi Tural Hüseynzadə çıxış edərək mövzu üzrə geniş məlumat veriblər. Natiqlər ailə institutunun cəmiyyətdə rolu, sağlam ailə münasibətlərinin formalaşması, eləcə də erkən və qohumlar arasında nikahın sosial və tibbi fəsadları barədə iştirakçıları məlumatlandırıblar.

İnstitutun əməkdaşlarının və gənc tədqiqatçıların iştirak etdiyi tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər