18/12/2025
Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yeni “Riyaziyyat” dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Tədbir paytaxtın nüfuzlu mədəniyyət və maarifləndirici məkanlarından biri olan Book Centre-də təşkil olunub.
Təqdimat mərasimində rəsmi şəxslər, təhsil və elm sahəsinin nümayəndələri, tanınmış alimlər və pedaqoqlar iştirak ediblər. Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Əbdürrəhim Quliyev, institutun elmi katibi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tamilla Həsənova təqdim olunan dərs vəsaitinin elmi-metodiki əhəmiyyətini vurğulayaraq müəllif kollektivinə öz tövsiyələrini verib, nəşrin gələcək tətbiq perspektivləri ilə bağlı müsbət fikirlər səsləndiriblər və layihəyə uğurlar arzulayıblar.
Məlumat verilib ki, “Riyaziyyat” dərs vəsaiti 8 bölmədən ibarətdir və 6-cı sinifdən 11-ci sinifədək riyaziyyat fənninin bütün tədris mərhələlərini əhatə edir. Vəsait mərhələli, sistemli və elmi-metodoloji yanaşma əsasında hazırlanaraq şagirdlərin riyazi təfəkkürünün formalaşdırılmasına, mövzuların dərin və məntiqi şəkildə mənimsənilməsinə yönəldilib.
Qeyd olunub ki, dərs vəsaitini tam şəkildə mənimsəyən şagirdlər CELT imtahanları da daxil olmaqla müxtəlif daxili və beynəlxalq qiymətləndirmə mexanizmlərində iştirak üçün zəruri bilik və bacarıqlara yiyələnirlər. Nəşr həm ümumtəhsil proqramının səmərəli şəkildə mənimsənilməsini, həm də imtahanlara sistemli və məqsədyönlü hazırlığı təmin edən vahid metodiki mənbə kimi nəzərdə tutulub.
Bildirilib ki, təhsildə keyfiyyət, sistemlilik və nəticəyönümlü yanaşma prinsiplərini əsas tutan CELT Tədris və İnkişaf Mərkəzi tərəfindən hazırlanmış bu yeni “Riyaziyyat” dərs vəsaiti şagirdlərin akademik nailiyyətlərinin artırılmasına və ölkədə təhsil prosesinin təkmilləşdirilməsinə xidmət edir. Təqdimat mərasimi bu istiqamətdə atılan növbəti mühüm addım kimi qiymətləndirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə müavini,professor Ədalət Axundov, t.e.n.,dosent Eldar Abbasov,İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Abasova iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.