24/12/2025
24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun Cəbr və Riyazi Məntiq şöbəsinin müdiri, dosent Əli Babayev «Evklidin “Əsaslar” əsərinin II kitabına Nəsirəddin Tusinin şərhləri və düz xətt parçalarının hasili haqqında» mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bir sıra tədqiqatçıların Evklidin «Əsaslar» əsərinin II kitabını “həndəsi cəbr” kimi xarakterizə etməsinin elmi baxımdan düzgün olmadığı əsaslandırılıb. Antik dövrdə iki düz xətti bir-birinə vurmaq anlayışı mövcud olmamışdır. Hətta Dekart (1596–1650) özünün “Həndəsə” əsərində iki düz xəttin hasilini düz xətt kimi təyin edir. Elm tarixində yalnız Lejandr həndəsi kəmiyyətlərlə ədədlər arasında qarşılıqlı birqiymətli uyğunluq yaratdıqdan sonra düz xətt parçalarının hasilinə səth kimi baxılmağa başlanmışdır.
N. Tusinin “Evklidin şərhi” əsərini tədqiq edərkən müəyyən edilmişdir ki, bu əsərdə Tusinin düz xətt parçalarının hasilinin səth əmələ gətirdiyini göstərdiyi aydın şəkildə ifadə olunmuşdur. Evklidin şərhində ikinci məqalə belə başlayır:
“Düzbucaqlı paraleloqramın hər hansı düz bucağından birinə yanaşı olan iki xəttə əhatə edənlər deyilir. Deyirəm və təkid edirəm ki, bu səth (bu xətlərin) birinin digərinə vurulmasından alınır.”
Göründüyü kimi, burada N. Tusi düz xətlərin hasilindən səth əmələ gəldiyini açıq şəkildə ifadə edir.
“Evklidin şərhi” əsəri 1657-ci ildə Londonda latın dilində çap edilmişdir. Con Vallis (1616–1703) “Opera Mathematica” əsərində Evklidin “Əsaslar” kitabını şərh edərkən Tusinin bu əsərindən istifadə etmişdir. Deməli, Vallisdən təxminən 4 əsr, Lejandrdan isə 5–6 əsr əvvəl düz xətlərin hasilinin səth olduğunu N. Tusi “Evklidin şərhi” əsərində göstərmişdir.Bu əsərdə N. Tusi Evklidin teoremlərinin çox sadə və aydın isbatlarını da vermişdir.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında elmi müzakirələr aparılıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.