22/01/2026
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, “Təhsil haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Bu xüsusda sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanunda dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.