19/02/2026
Fevralın 18-də AMEA-nın və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfrans keçirilib.
Tədbirin əsas məqsədi kütləvi informasiya vasitələrində dil normalarına riayət olunması məsələlərini, eləcə də bu sahədə mövcud problemləri və onların aradan qaldırılması yollarını elmi müstəvidə geniş şəkildə müzakirə etmək olub.
Əvvəlcə konfrans iştirakçıları AMEA-da nəşr olunmuş ana dilinə dair kitabların sərgisi ilə tanış olublar.
Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında və yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı irəli sürdüyü vəzifələrin və qarşıya qoyulan tələblərin elmi müstəvidə müzakirəsinə həsr olunduğunu bildirib. AMEA rəhbəri qeyd edib ki, dövlət başçısının bu istiqamətdə çıxışları, səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli-mənəvi birliyin gücləndirilməsinə və Azərbaycan dilinin qorunub zənginləşdirilməsinə yönəlib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizdə dövlət dili siyasətinin möhkəm təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin hakimiyyətinin birinci dövründə, sovet ideologiyasının beynəlmiləlçilik siyasətinin hökm sürdüyü şəraitdə belə, azərbaycançılıq istiqamətində ardıcıl və düşünülmüş addımlar atılıb. Heydər Əliyevin təşəbbüsü və qətiyyətli siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndərin uzaqgörənliyinin və milli dəyərlərə bağlılığının bariz nümunəsidir.
Müasir dövrdə Prezident İlham Əliyevin Azərbaycan dili siyasətini dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxladığını söyləyən AMEA rəhbəri “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın bu sahədə aparılan elmi tədqiqatlar üçün əsas yol xəritəsi rolunu oynadığını vurğulayıb.
“Dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”, – deyən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı tələblərinin bir neçə əsas istiqaməti əhatə etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bunlara dilə verilən yüksək dəyər, onun milli mənsubiyyətin əsas göstəricisi kimi təqdim olunması, həmçinin beynəlxalq terminologiyanın istifadəsinə balanslı yanaşma daxildir. AMEA prezidenti əlavə edib ki, beynəlxalq terminlərlə yanaşı, Azərbaycan dilinin daxili imkanları hesabına yeni terminlərin yaradılması və milli terminologiyanın genişləndirilməsi vacibdir. Bu məqsədlə AMEA-nın Dilçilik İnstitutunun “Terminologiya məsələləri” jurnalında müvafiq məlumatlar dərc olunur.
AMEA rəhbəri texnoloji inkişaf dövründə dilin qorunması yollarının göstərilməsinin bu sahədə çalışanlar üçün də praktik bələdçi rolunu oynadığını vurğulayıb. O, Azərbaycan dilinin zənginləşdirilməsi yollarından bəhs edərək, bu baxımdan dialektoloji xəzinə, söz yaradıcılığı və bədii ədəbiyyata müraciət olunmasının əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-da dövlət dil siyasətinin icrası istiqamətində görülən işlərdən də danışıb. Dilçi alimlər, eləcə də Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilən tədbirlər, Azərbaycan dili üzrə Olimpiadanın təşkili, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması, şəxs adları ilə bağlı məlumat kitabçalarının tərtibi bu fəaliyyətin əsas istiqamətləri kimi qeyd olunub. Həmçinin Azərbaycan dilinin qrammatikası üzrə sistemli elmi tədqiqatların aparıldığı, fonetika, morfologiya və leksika ilə bağlı nəşrlərin çap olunduğu, sintaksis üzrə əsərin isə hazırlanma mərhələsində olduğu bildirilib.
Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli medianın Azərbaycan dilini ən çox aktivləşdirən və kütləviləşdirən əsas vasitə olduğunu qeyd edib. Akademiya rəhbəri media dilinin tənzimlənməsi istiqamətində işlərin aparılmasının zəruriliyini bildirib və AMEA-nın bu sahədə Azərbaycan Mətbuat Şurasına elmi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
O, çıxışının sonunda konfransı Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çağırışlarından irəli gələn vəzifələrin icrası istiqamətində mühüm addım kimi dəyərləndirib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək dil məsələsinə həsr olunan tədbirin aktuallığını və əhəmiyyətini önə çəkib. Şura sədri iki qurum arasında formalaşmış əməkdaşlıq münasibətlərindən danışıb, bu tərəfdaşlığın media dilinin inkişafına töhfə verdiyini bildirib.
O, Prezident İlham Əliyev tərəfindən AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlərin Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı aydın istiqamət müəyyənləşdirən strateji çağırış, dövlətin dil siyasətində yeni mərhələyə keçidin ifadəsi olduğunu vurğulayıb.
Rəşad Məcid bildirib ki, dövlət başçısı AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasını mühüm vəzifə kimi müəyyənləşdirib və alimlərin qarşısında konkret tapşırıqlar qoyub. O, cənab Prezidentin Akademiyanın 80 illik yubileyindəki parlaq nitqindən bir neçə gün sonra AMEA, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransı xatırladıb. Qeyd edib ki, tədbirin əsas məqsədi mediada ədəbi dil normalarına əməl olunmasını gücləndirmək və nitq mədəniyyətini yüksəltmək olub.
“Dövlət başçısının çıxış və müsahibələrində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi vurğulaması medianın üzərinə daha böyük öhdəliklər və vəzifələr qoymuşdur”, – deyən Şura sədri vurğulayıb ki, jurnalistlər və ümumilikdə media nümayəndələri dilimizin inkişafında, qorunmasında mühüm rol oynayırlar. Bu səbəbdən də media mənsublarının Azərbaycan dilini düzgün, səlis və ədəbi normalara uyğun şəkildə istifadə etməsi əsas vəzifələrdən biridir.
O, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının fəaliyyəti barədə də məlumat verərək bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilən iclasında Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı fikirlərindən irəli gələn məsələlər müzakirə olunub və Komissiyanın tərkibi yenidən formalaşdırılıb.
Rəşad Məcid 2026-cı ilin ilk iclasında isə Şuranın Dil Komissiyasının yeni tərkibinin təsdiqləndiyini söyləyib, tanınmış telejurnalist, teleaparıcı, alim, media nümayəndələri və mütəxəssislərin Şurada təmsil olunduğunu bildirib.
Şura sədri Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, tədbirin bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu deyib. Bildirib ki, təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini qeyd edib. Cənab Prezident xüsusilə dilə nəzarətsiz şəkildə xarici sözlərin daxil olmasına qarşı mövqeyini ifadə edib.
Bu istiqamətdə əsas məsuliyyətin dilçi alimlərin üzərinə düşdüyünü söyləyən Vüsalə Mahirqızı əlavə edib ki, yeni sözlərin yaradılması, terminologiyanın formalaşdırılması və müzakirəyə çıxarılması birbaşa mütəxəssislərin işidir. Eyni zamanda, media nümayəndələri dilin qorunması və inkişafı naminə dilçi alimlərlə davamlı və sistemli əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməlidir.
AMEA tərəfindən Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik və terminoloji lüğətlərinin hazırlandığını söyləyən məruzəçi, bu lüğətlərin həm media, həm də geniş ictimaiyyət üçün elektronlaşdırılmasının, bu prosesdə rəqəmsal, eyni zamanda süni intellekt texnologiyalarından istifadənin vacibliyini önə çəkib. O, xüsusilə orfoepik lüğətlərin, yəni sözlərin düzgün tələffüzünün elektronlaşdırılmasının önəmli olduğunu vurğulayıb.
O, hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən geniş istifadə olunduğunu deyib: “Ən effektiv köməkçi vasitə xəbər mətninin bir neçə saniyə ərzində İKT alətləri tərəfindən yoxlanmasıdır. Lakin hazırda bu alətlər müasir dövrün tələblərinə cavab vermir və yenilənmiş dil qaydalarını nəzərə almır”.
Vüsalə Mahirqızı bu istiqamətdə AMEA-nın Dilçilik İnstitutunun fəaliyyəti Azərbaycan dilinin inkişafına mane olan problemlərin sürətli şəkildə aradan qaldırılmasına, dilimizin yad təsirlərdən qorunması prosesinin daha sürətli və effektiv aparılmasına xidmət edəcək.
Tədbirdə, həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Mətbuat Şurası Dil Komissiyasının üzvlərindən – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, tanınmış teleaparıcı Nərgiz Cəlilova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğıu, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, eləcə də Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova çıxış ediblər.
Çıxışlarda media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsinin təşviqi, dil mədəniyyətinin inkişafı, sosial media dili və televiziya və radio məkanında nitq mədəniyyəti kimi məsələlər müzakirə olunub. Vurğulanıb ki, media Azərbaycan ədəbi dilinin qorunması və cəmiyyətdə fəal şəkildə işlədilməsində strateji rol oynayır. Yeni terminlərin dilimizə gətirilməsi prosesində, dilin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.
Bildirilib ki, efir məkanında, çap və rəqəmsal media platformalarında ədəbi dil normalarına riayət olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.