06/03/2026
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev Azərbaycan qadınının tarix boyu cəmiyyətdə tutduğu yüksək mövqedən bəhs edib. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan qadınlarının yüksək mənəvi, intellektual və əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir. Qeyd edib ki, müsəlman Şərqində ilk dəfə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadınları daim qabaqcıl və mütərəqqi düşüncələri ilə seçiliblər. Alim vurğulayıb ki, müasir Azərbaycan qadını fədakar ana, peşəkar alim, bacarıqlı siyasətçi və dövlət məmuru kimi cəmiyyətin inkişafında mühüm rol oynayır. E.Səbziyev çıxışının sonunda İnstitutun qadın əməkdaşlarını təbrik edərək onlara xoşbəxtlik, uğurlar və yeni elmi nailiyyətlər arzulayıb.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bütün tarixi dövrlərdə öz istedadı, zəkası, ailəyə və vətənə bağlılığı ilə seçilən Azərbaycan qadınının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlərindən, elm və təhsilin inkişafında mühüm rolundan bəhs edib. İnstitutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Daha sonra r.e.d., professor Knyaz Məmmədov, t.ü.f.d., dosent İradə Mirzəzadə və r.e.d., dosent Elman İbrahimov çıxış edərək bütün qadınları əlamətdar gün münasibətilə təbrik edərək onlara can sağlığı və yeni müvəfəqiyyətlər arzu ediblər.
Tədbirin sonunda instituta qonaq qismində dəvət olunan Akademik Musiqili Teatrın aktyoru, əməkdar artist Əkbər Əlizdə çıxış edərək qadınların cəmiyyətdəki mühüm roluna diqqət çəkib. O, çıxışında qadınların ailə və ictimai həyatda əvəzsiz rolunu vurğulayaraq, bu günün yalnız bayram deyil, həm də qadın əməyinə və fədakarlığına verilən yüksək dəyərin ifadəsi olduğunu bildirib. Əkbər Əlizadə qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, tədbir iştirakçıları üçün musiqi ifa edib.
Sonda kollektivin qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.