12/03/2026
10 minə yaxın ədəbiyyat xadimi süni intellekt texnologiyalarının onların yaradıcılıq nümunələrindən qanunsuz şəkildə istifadə etməsinə qarşı çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, Kazuo Ishiguro, Richard Osman, Mick Herron və Philippa Gregory kimi populyar yazıçılar da bu hərəkata qoşulublar.
Aksiya çərçivəsində müəlliflər içərisində yalnız adları qeyd olunan, vərəqləri isə tamamilə ağ olan “Bu kitabı oğurlama” adlı rəmzi nəşr ərsəyə gətiriblər. Həmin kitabın nüsxələri “London Book Fair” (London kitab sərgisi) tədbirində iştirakçılara təqdim olunub.
Ədəbiyyatçılar bu addımla diqqəti müəllif hüquqlarının kütləvi şəkildə pozulmasına yönəltməyə çalışırlar. Bildirilir ki, süni intellekt sistemlərini inkişaf etdirən korporasiyalar öz neyron şəbəkələrini təkmilləşdirmək məqsədilə yazıçıların əsərlərini mənimsəyir və sonradan bu bazaya əsaslanaraq orijinal olmayan yeni məzmunlar yaradırlar.
Tədbirin təşkilatçısı və müəllif hüquqları üzrə ekspert Ed Newton-Rex qeyd edib ki, generativ süni intellekt proqramları məhz bəhrələndikləri yazıçılarla rəqabət mühiti yaradır və bu, yaradıcı şəxslərin gəlirlərinə ciddi zərbə vura bilər. O, çıxışında hökumət nümayəndələrini Böyük Britaniyadakı sənət adamlarının hüquqlarını qorumağa səsləyib.