05/07/2018
XIX əsrdə “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrinə əsasən, Azərbaycan iki yerə bölündü: Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil edildi. Şimali Azərbaycan islam-türk dünyasında gedən proseslərdən ayrıldı, Şərq ölkələri ilə çoxəsirlik əlaqələr qırıldı. Rus-Avropa elmi-mədəni fikri Şərq xarakterli Azərbaycanın mədəni, ictimai təfəkkürünü üstələdi.
– Çarizm Azərbaycanda rastlaşdırma siyasətini hansı istiqamətlərdə həyata keçirirdi?
İki istiqamətdə:
1) ülamaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifələrinə təyin edərək, öz xidməti qulluqçusuna çevirmək;
2) azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus təbiətli “uçitellər” hazırlamaq.
– Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipli qəza məktəblərinin ilkin layihələri nə zaman meydana gəldi?
XIX əsrin 30-cu illərində Güney Qafqazda, o cümlədən Azərbaycanda belə məktəblərin ilk layihələri yarandı.
– Çar Rusiyasının 1829 və 1835-ci illərdə təsdiq etdiyi “Zaqafqaziya məktəblərinin əsasnaməsi”nə uyğun olaraq, əhali arasında rus dilini yaymaq, onlara ibtidai təhsil vermək üçün hansı qəza məktəbləri açılıb?
Şuşa (1830), Nuxa (Şəki) (1831), Bakı (1832), Gəncə (1833), Naxçıvan (1837) və Şamaxı (1838).
Qəza məktəbləri üç sinifdən ibarət idi: birinci sinif hazırlıq sinifi hesab olunurdu. İki yuxarı siniflərdə şəriət, rus dilinin qramatikası, coğrafiya, tarix, hesab və həndəsədən başlanğıc kurs, yerli dillər, hüsnxət, rəsm və rəsmxət tədris olunurdu. Yerli dillər II-III siniflərdə tədris olunurdu. Azərbaycan dili ruslar üçün də məcburi fənn hesab edilirdi.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.