14/03/2018
Məmməd Qarayev 1887-ci ildə Qazax mahalının Salahlı kəndində yoxsul ailədə anadan olmuşdur. O, lap kiçik yaşlarında valideynlərini itirmiş, kasıbçılığın hər üzünü görmüşdür. Müəllimi Əhməd ağa Mustafayev kiçik Məmmədi öz himayəsinə götürmüş və oxutmuşdur.
Firidun bəy Köçərli Məmməd Qarayev barədə yazırdı ki, Qarayev seminariyada özünün nümunəvi əxlaqı ilə seçilir, gözəl oxuyur və hamının sevimlisi hesab olunurdu.
Məmməd Qarayev 1906-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gəlir. Lakin gənc müəllim vərəm xəstəliyinə tutulduğundan həkimlərin məsləhəti ilə Qarabağa – Malıbəyli kəndinə köçür. Məmməd Qarayev 1910-cu ildə Malıbəyli kəndində qız məktəbi açır. O dövr üçün bu, çox böyük hadisə idi.
1911-ci ildə Şuşada qız məktəbi açılarkən Məmməd Qarayev bunu çox sevinclə qarşılayaraq, “İşıq” jurnalında yazırdı: “Mən bu gün ikiqat artıq sevinirəm. İndi mənə daha qorxmaq lazım deyildir … Mən meydanda tək deyiləm. Qarabağın ikinci qaranquşunun onun qəlbi Şuşa şəhərində açılmasını ürəkdən təbrik edir və deyirəm: Qədəmlərin mübarək! Xoş gəlmisən!”
Bu gənc xalq müəlliminin kəndlilər və məktəblilər arasında çox böyük hörməti var idi. 1912-ci ildə Malıbəyli qız məktəbinin şagirdləri orjinal bir xalça toxuyub hörmət rəmzi olaraq sevimli müəllimləri Məmməd Qarayevə hədiyyə vermişdilər. Xalçanın üzərində bu sözlər yazılmışdır: “Malıbəyli ünas məktəbinin şagirdlərindən sevimli müəllimimiz Məmməd Qarayevə yadigar.”
Məmməd bəy Qarayev dərs deməklə yanaşı, dövri mətbuatda məqalələr, uşaqlar üçün hekayələrlə də çıxış edirdi.
Məmməd Qarayevin vaxtsız ölümü dostlarını sarsıtmışdı. Yazıçı, pedaqoq Süleyman Sani Axundov 1913-cü ildə “Məktəb” jurnalında belə yazmışdı: “Ah! Sən nə tez söndün, ey şölə. Nə tez hümmət və qeyrətin səmərəsi ilə tərbiyə almış körpə qızlara qara geydirdin. Qəm etmə, ey pak ruh, rahat yat! Tutduğun işlər, göstərdiyin yollar unudulmaz. Demə məzarın qürbətə düşdü, sənin kimi millətini sevən cavana vətənin hər guşəsi vətəndir”.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.