02/12/2018
O, 1892-ci ildə aprelin 15-də indiki Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmiş (1913), bir müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana qayıdaraq, həmyerlilərinin ermənidaşnak təcavüzünə qarşı mübarizəsinə qoşulmuş, könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərmişdir. Naxçıvan, Ordubad, Şərur, Sürməli, Milistan və Vedibasar mahallarının əhalisi adından Azərbaycan Xalq Cumhuriyyətinin rəhbərlərinə göndərilən 1919-cu il 9 sentyabr tarixli sənədi Əli Qasımov da imzalamışdır. Sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması və s. tələblər irəli sürülürdü.
1919-cu ilin yayında ingilis-daşnak hərbi hökuməti Şərur-Naxçıvan ərazisində repressiyaya başladı və apardığı kütləvi həbslər zamanı demokratik fikirli adamlar içərisində Əli Qasımov da həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edildi.
O, ədəbi yaradıcılıqla da məşğul olmuş, 1914-cü ildən başlayaraq “Molla Nəsrəddin” jurnalında çıxış etmişdir. “Solğun çiçək” adlı ilk kitabı 1914-cü ildə nəşr olunmuşdur. Əli Qasımov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filalogiya fakültəsində təhsil almışdır (1925-1930-cu illər), “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqının ədəbiyyat fondunun sədri olmuşdur. Povest və hekayələr, xatirələr yazmış, rus və dünya ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr etmişdir.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.