17/09/2018
O, 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1887-ci ildə Tiflis Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdir. Onun maarif xadimi kimi yetişməsində Aleksandrovski İnstitutu mühüm rol oynamışdır. Çar maarif nazirinin 1887-ci ildə verdiyi sərəncama görə, islam dininə mənsub olan şəxslərə şəhər məktəblərində dərs demək qadağan olunmuşdur. Həbib bəy Mahmudbəyov həmin il institutu bitirdikdə şəhər məktəblərinə deyil, kənd məktəblərinə təyin edilir. Lakin o, bu ədalətsizliklə barışmayıb Bakıya gəlir və 1887-ci ildə şəxsi təşəbbüsü ilə Bakıda Sultan Məcid Qənizadə ilə birlikdə yeni tipli ibtidai məktəb-rus-Azərbaycan məktəbi açır. Bu məktəbdə ana dili əsaslı şəkildə öyrədilir, rus və fars dilləri, hesab, coğrafiya, tarix fənləri tədris edilirdi. Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin başçılıq etdikləri məktəbdə yoxsul uşaqlarının təhsilə cəlb olunmalırına xüsusi diqqət göstərilirdi.
Həbib bəy Mahmudbəyov Bakı şəhər dumasında məktəb komissiyasının üzvü olmuşdur. O, ömrünün sonuna qədər maarif sahəsində çalışmış, 1921-1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun direktor müavini və direktoru olmuşdur.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.