06/11/2018
Talıbzadə Abdulla Mustafa oğlu (Abdulla Şaiq) Tiflisdə anadan olub. Tiflis və Xorasanda təhsil almış, 1901-ci ildə Bakıya gəlib Sabunçu və Bakı məktəblərində 1934-cü ilədək Azərbaycan dili və şəriət fənlərini tədris etmişdir. Uşaq ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Rus və fars dillərini mükəmməl bilirdi. Nizami, Şekspir, Defo, Krılov, Puşkin, Lermontov, Qorki və başqalarından tərcümələr etmişdir. Xalq maarifi sahəsində mühüm xidmətləri olmuşdur.
“Uşaq çeşməyi” (1907), “Gülzar” (1912), “Milli qiraət kitabı” (1922), “Qiraət kitabı” (1924) və s. dərsliklər yazmış, ali məktəblərdə mühazirələr oxumuşdur. SSRİ Ali Sovetinin (2-ci və 4-cü çağırış) deputatı olmuşdur. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür (1940).
O, gəncliyin milli hisslərini coşduran ilk ədəbiyyat müəllimi kimi tanınmışdır. Onun uşaqlar üçün yazdığı şeirləri bu gün də sevilir.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.