18/11/2018
O, Şamaxıda doğulmuşdur. Şamaxıda mollaxanada (1890-1894), şəhər məktəbində (1894-1901) təhsil almışdır. Bakıda III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verib Azərbaycan dili müəllimi vəsiqəsi (1901) almışdır. Şamaxı qəzasının Lahıc kənd ibtidai məktəbində (1902-1907), Bakıda “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda (1907-1909), şəhər rus-Azərbaycan məktəbində (1909-1917) müəllim işləmişdir.
Bakıda Ali Pedaqoji İnstitutda (1923-1927) müəllim işləmişdir.
Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində, Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda işləmişdir.
Qafur Ələkbər oğlu Mirzəzadə (Qafur Rəşad) XX əsrin əvvəllərində Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak etmiş, dövri mətbuatda müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış etmişdir. 1908-ci ildə “Ayineyi-millət” (“Oyanınız, qardaşlar”) kitabını nəşr etdirmişdir. Bu əsərin əsas ideyasını siyasi süstlüyün, mütiliyin tənqidi, milli dirçəlişə çağırış təşkil edirdi. Əsərdə maarifçilik əsarətdən qurtuluş vasitəsi hesab olunurdu.
Milli məktəblərin dərsliklərlə təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri böyükdür. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad 1909-1943-cü illərdə “Qafur coğrafiyası” (1910), “Ümumi coğrafiya” (1923), “İbtidai coğrafiya” (1922), “Coğrafiya terminləri lüğəti” (1923), “SSRİ-nin iqtisadi coğrafiyası” (1941), “Xəritə üzərində əməli iş” (1943) və s. adlar arasında 18 dərslik və vəsait yazdırıb nəşr etdirmişdir. “Rəhbəri-sərf” (Məmmədsadıq Axundov ilə birgə (1910)), “Rəhbəri -hesab” (Əbdürəhman Tofiq Əfəndi-zadə ilə birlikdə (1910)) dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdur. Milli uşaq ədəbiyyatının inkişafında Qafur Rəşadın rolu daha da böyükdür. O, Azərbaycanda “Məktəb” adlı sayca ikinci uşaq jurnalının (1911-1920) və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyni adlı ilk mətbəənin təsisçisidir (Əbdürrəhman Tofiq Əfəndi-zadə ilə birgə).
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.