05/09/2018
Azərbaycanda ziyalıların formalaşması dərin tarixi köklərə malikdir. Qədim və orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərən Zərdüşt, alban və müsəlman məktəbləri sonralar xalqımızın mənəviyyat pasportuna çevrilən görkəmli şəxsiyyətlər – şairlər, sərkərdələr, rəssamlar, heykəltəraşlar, maarifpərvərlər yetişdirdi. Əbülhəsən Bəhmənyar, Əcəmi Naxçıvani, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli və başqaları təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə də məşhur idilər. Gülüstan (1813) və Türmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan torpaqlarının iki imperiya arasında bölüşdürülməsi millətin inkişafının istiqamətini dəyişdi. Xalqın milli-mənəvi dəyərlərindən, mentalitetindən uzaqlaşdırılması yönündə sistemli və ardıcıl siyasət həyata keçirilməyə başlandı. Ziyalıların sayında və tərkibində dəyişiklik yarandı. Bəzi hesablamalara görə, XIX əsrin sonlarında Şimali Azərbaycanda ziyalıların sayı 5635 nəfər, XX əsrin əvvəllərində isə 12 mindən çox olmuşdur. Milli ziyalılar onların yarısını təşkil edirdi.
Azərbaycan Sovet Ensiklopediyasının IV cildində (1980, Bakı) qeyd olunmuşdur ki, “Ziyalı zehni əmək və yaradıcılıq ilə məşğul olan sosial qrupdur”.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.