Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda Qadınlar Şurası təsis edilib


Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib.

İclasda yeni yaradılmış AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Ziba Ağayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadiyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İnstitutun kollektivi adından AMEA Qadınlar Şurasının sədri seçilməsi münasibətilə professor Rəna Mirzəzadəni təbrik edib və yeni təsis edilmiş Şuraya gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, iclasda məqsəd Riyaziyyat və Mexanika İnstitutunda Qadınlar Şurasını təsis etmək və sədri seçməkdir.

İnstitutun Qadınlar Şurasına sədrlik üçün institutun elmi katibi, dosent Tamilla Həsənovanın namizədliyi irəli sürülüb.

Misir Mərdanov Tamilla Həsənovanın fəaliyyətindən bəhs edib. Bildirib ki, o uzun müddətdir ki, institutun elmi katibi vəzifəsində çalışır.

Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.

Daha sonra Şuraya 9 nəfərdən ibarət işçi qrup seçilib.

İclasda çıxış edən professor Rəna Mirzəzadə AMEA Qadınlar Şurasının digər qeyri-hökümət təşkilatlarından fərqli bir qurum olduğunu vurğulayıb. O, Akademiyanın qadın əməkdaşlarının Azərbaycan Respublikasının ictimai, mədəni və elm sahələrindəki uğurlarından söz açıb. Qadınlar Şurasının ictimai sahədə, gənc kadrlara dəstək üzrə fəaliyyət istiqamətləri barədə məlumat verib.

R.Mirzəzadə Qadınlar Şurasının institutlarda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının özəkləri, Gənc Alim və Mütəxəssislər şuraları, Həmkarlar İttifaqı komitələri ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər