06/06/2018
İyunun 5-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Geologiya və Geofizika İnstitutu ilə birgə “Şamaxı, Kürdəmir və Şəki rayonlarında yerləşən geofiziki stansiyalarında radon qazının ayrılmasının monitorinqi” mövzudunda seminar keçirilib. Seminarda institutun əməkdaşları ilə yanaşı AMEA-nın Geologiya və Geofizika, Radiasiya Problemləri, İdarəetmə Sistemləri İnstitutlarının, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Dövlət Universitetinin alimləri də iştirak ediblər.
Tədbiri Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq bundan əvvəlki seminarlarda müzakirə olunmuş məsələlərlə bağlı iştirakçılara məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Şamaxı, Kürdəmir və Şəki rayonlarındakı geofiziki stansiyalarda radon qazının qatılığı, havanın temperaturu, atmosfer təzyiqi və rütubətin bir-birindən asılılığının, həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının müasir riyazi üsullar və kompyuter texnologiyasının köməyi ilə alınmış nəticələr haqqında ətraflı danışıb.
Müzakirələrdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nin müxbir üzvü Qurban Yetirmişli, akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Dadaş Ağa Hüseynov, Çingiz Əliyev və İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, professor Ramin Rzayev iştirak ediblər.
Sonra seminarda Radiasiya Problemləri İnstitutunun əməkdaşı, f.ü.f.d Yadigar Cəfərov radon qazı ilə bağlı son illərdə aparılan tədqiqatlar barədə geniş məlumat verib.
Daha sonra AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin və “Beynəlxalq seysmotomoqrafiya” laboratoriyasının müdiri, dosent Səbinə Kazımova “Azərbaycan ərazisinin 2003-2017-ci illər ərzində geodinamikasının analizi” və “Maqnitometriya” şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev “Xəzəryanı-Quba vilayətində regional profillər boyunca dərinlik tektonik quruluşunun qravimaqnitometrik tədqiqatlarla öyrənilməsi və tektonik qırılmaların dəqiqləşdirilməsi” mövzusunda məruzə ediblər.
Çıxışların müzakirəsində BDU-nun professoru Rövşən Əliyev, geologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Bağırlı, AMEA nəzdində RSXM-nin elmi məsələlər üzrə baş direktorun müavini vəzifəsini icra edən, dosent Rauf Muradov, “Maqnitometriya” şöbəsinin müdiri, g.m.e.d. Vəliyev Hümbət, “Seysmologiya” şöbəsinin müdiri, g.m.e.d. Məmmədov Tahir və dosent Azay Rzayev iştirak ediblər.
Tədbirin sonunda professor Misir Mərdanov əldə olunan elmi nəticələri yüksək qiymətləndirib. Yuxarıda qeyd olunan istiqamətlər üzrə elmi araşdırmaları daha effektiv şəkildə davam etdirmək məqsədi ilə səkkiz nəfərdən ibarət işçi qrup yaradılmasını təklif edib. Seminar iştirakçılarının razılığı ilə işçi qrup yaradılıb.
Yaradılmış qrupa nəzərdə tutulan istiqamətlərdə birgə elmi tədqiqatları davam etdirilməsi və alınmış nəticələr barədə növbəti seminarlarda məlumat verilməsi tapşırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.