25/06/2018
17-23 iyun 2018-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində “Riyazi analiz, Diferensial tənliklər və tətbiqlər – MADEA 2018” adlı Beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev iştirak edib.
O, konfransın plenar iclasında “Şredinger operatorunun doğurduğu funksional fəzalar və inteqral operatorlar” mövzusunda məruzə ilə çıxış edib. Alim, həmçinin “Funksional və harmonik analiz, həqiqi və kompleks dəyişənli funksiyalar, inteqral çevirmələr, yaxınlaşma və interpolyasiya nəzəriyyəsi, cəmlənmə nəzəriyyəsi” seksiyasına rəhbərlik edib.
Səfər çərçivəsində professor Vaqif Quliyev Serbiya, İsrail, Ukrayna, Türkiyə, Tacikistan və digər ölkələrin tanınmış alimləri ilə görüşüb, elmi diskussiyalar aparıb.
Bununla yanaşı alim səfər müddətində Qırğızıstan-Türkiyə Manas Universitetində olub və universitetin rektoru professor Səbahettin Balcı ilə görüşüb. Qırğızıstan-Türkiyə Manas Universiteti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutu arasında gələcəkdə birgə görüləcək işlərlə bağlı cari məsələlər araşdırılaraq zəruri işlərin görülməsi müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.